
İbrahim Əhmədov: “Avroviziyadan əvvəl almanların əksəriyyəti Azərbaycan adlı bir ölkənin mövcudluğundan xəbərsiz idi”
Almaniyada yaşayan siyasətşünas alim İbrahim Əhmədovun Newsaze,com-a müsahibəsi:
- İbrahim bəy, bu gün Almaniya-Azərbaycan münasibətləri öz gərginliyi ilə seçilir. Bu gərginliyin səbəbini nə əlaqələndirirsiniz?
- Hələ iki ölkə arasındakı gərginlikdən söhbət gedə bilməz, çünki bəzi alman KİV-lərinin Azərbaycan əleyhinə olan mövqeyi dövlətlərarası münasibətlərə ciddi təsir göstərə bilməmişdir. Azərbaycanda belə təəssürat yaranıb ki, Almaniya dövlət səviyyəsində Azərbaycan əleyhinədir. Lakin həqiqətdə Almaniyada Azərbaycan əleyhinə mövqe tutan yalnız bəzi marginal siyasi dairələrdir.
Əminliklə deyə bilərik ki, Almaniyanın dövlət xadimlərinin əksəriyyəti ölkəmizi Cənubi Qafqaz bölgəsində ən mühüm tərəfdaş kimi görür və qarşı tərəflə mənfəət naminə əməkdaşlıq etməyə maraqlıdır. Lakin bəzi siyasətçilər Azərbaycana qarşı qərəzli mövqe tutub, KİV-lərdə yaranmış diskurs şəraitdən istifadə edərək, son illər ərzində gərginlik təəssüratını yaratmağa nail olmuşlar.
KİV-lərdə əsasən tənqidi məlumatların yayılmasına baxmayaraq, Almaniya ilə Azərbaycan arasında həqiqi siyasi və iqtisadi münasibətlər inkişafa doğru davam edir. İki ölkə arasında xarici ticarət sahəsində daim artım müşahidə olunur. Almaniya-Azərbaycan xarici ticarət dövriyyəsi, Almaniyanın - Qazaxıstan istisna olmaq şərtilə - Cənubi Qafqaz və Orta Asiya bölgəsinin bütün başqa dövlətlərlə olan dövriyyəsini üstələyir.
Müntəzəm şəkildə ortaq siyasi-ictimai tədbirlər keçirilir. Bu ilin may ayında Almaniyanın ən böyük təşkilatlarından biri olan Konrad Adenauer Fondunun Bakıda keçirdiyi möhtəşəm tədbir buna bir misaldır. Şahdəniz konsorsiumu Nabukko-Vest kəmər boru layihəsinə üstünlük versə, Almaniya üçün ölkəmizin əhəmiyyəti daha da artacaq.
- Ümumiyyətlə, vəziyyətin bu şəkildə davam etməsi hər iki tərəf üçün nələr vəd edir?
- Ortaq xarici siyasət və qarşı tərəflə iqtisadi maraqlar qısamüddətli perspektivdə həlledici rol oynayır, lakin uzunmüddətli perspektivdə dəyərlərin qarşıdurması öz sözünü deyə bilər. Azərbaycanın qərbyönümlü xarici siyasəti dəyişməsə, Almaniya ilə Azərbaycan arasında münasibətlər yaxın illərdə əvvəlki cərəyanla inkişaf edəcək.
Lakin Azərbaycan alman xalqının təsəvvüründə tədricən “diktatura rəmzi”nə çevrilsə, uzunmüddətli perspektivdə gerçək gərginliyin yaranması mümkündür. Xüsusən, Azərbaycan gələcəkdə işğal olunmuş əraziləri hərbi yolla qaytarmağa cəhd etsə, Almaniya və digər Avropa ölkələrinin müqaviməti ilə üzləşə bilər: avtoritarlıq damğası daşıyan bir müsəlman ölkəsinin xristian xalqı ilə qarşıdurmasında qərblilərin kimə rəğbət etməsi aydındır.
- Azərbaycanda qarşıdan prezident seçkiləri gəlir. Ümumiyyətlə, bu məsələdə rəsmi Berlin hansı mövqedə çıxış edəcək?
- Seçkilərdən əvvəl Kantsler administrasiyasının hər hansı rəsmi bəyanatı gözlənilmir. Lakin bəzi millət vəkilləri bəyanat və müraciətlə çıxış edə bilər. Seçkilərdən əvvəl bu bəyanatlar neytral xarakterli və ya seçkilərdə şəffaflıq, azadlıq və digər prinsiplərin riayət olunmasına və bunun nəzarət olunmasına çağırış şəklində ola bilər.
Adətən, belə müraciətlər alman hakimiyyətinə ünvanlanır, müvafiq tədbirlərin görülməsi tələb olunur. Seçkilərdən sonra bəzi millət vəkilləri tərəfindən qınaq xarakterli bəyanatların səslənilməsi mümkündür, lakin Kantsler və ya xarici işlər naziri kimi yüksək vəzifəli məmurların Azərbaycandakı seçkilərlə bağlı çıxışı gözlənilmir.
Sentyabrda Almaniyada Bundestaq seçkiləri keçiriləcək. Məhz bu amil siyasi bəyanatların gündəmini müəyyən edəcək. Azərbaycanla bağlı mövzular səs qazanmaq üçün böyük rol oynamadığına görə Almaniyada keçirilən seçkilər ərəfəsində Azərbaycandakı seçkilərin nisbətən arxa plana çəkilməsi gözlənilir.
- Alman mediasında müntəzəm olaraq Azərbaycan əleyhinə yazı və məqalələr getməkdədir. Nədən məhz ünvaq olaraq Azərbaycan seçilib?
- Bu bir növ qeyri-iradi yaranmış vəziyyətdir. Məlumdur ki, Bakıda Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin ərəfəsində Almaniya KİV-ləri Azərbaycan əleyhinə çoxsaylı tənqidi məqalələr dərc etməyə başladı. Əks-səda kimi Azərbaycan KİV-lərində Almaniyaya qarşı tənqidi reportajlar yer almağa başladı.
Bu proses alman KİV-lərinin ümumi yanaşması üçün səciyyəvidir: Azərbaycan kimi ölkələr illər boyu medianın diqqətindən kənar qalır və böyük bir tədbir ərəfəsində ictmaiyyətin marağını özünə cəlb edir. Tədbir keçirən ölkə ictimaiyyət üçün naməlum biridirsə, medialar cəmiyyətin marağına cavab verərək, ölkə haqqında çoxsaylı reportajlar hazırlamağa başlayır.
Tənqidi xəbərlər neytral xarakterli xəbərlərə nisbətən daha böyük auditoriyanı cəlb etdiyinə görə məhz tənqidi məlumatlara üstünlük verilir. Bu fenomen ümumidir, yəni sırf Azərbaycanla bağlı deyil. Misal üçün 2012-ci ildə Ukraynada Avropa Futbol Çempionatının keçirilməsi faktı alman KİV-lərinin Ukraynaya qarşı eyni tənqidi yanaşmasını ərsəyə gətirdi.
Avroviziyadan əvvəl almanların əksəriyyəti Azərbaycan adlı bir ölkənin mövcudluğundan xəbərsiz idi. Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafı əsasən KİV-lərin diqqətindən kənar keçirdi və bu səbəbdən media və ictimaiyyətin siyasi proseslərə təsiri nisbətən zəif idi. Ümumilikdə, əvvəlki dövrdə alman-azərbaycan münasibətləri dövlət xadimləri arasında formalaşır və praqmatik xarakter daşıyırdı.
Lakin Avroviziya bunu dəyişdi. Azərbaycan əleyhinə olan diskurs bəzi medialarda bu günə kimi davam edir. Azərbaycana qarşı ictmaiyyətdə müsbət rəy söyləyən alman dövlət xadimləri KİV-lərin qınaq obyektinə çevrilir. Bu yanaşmanın əsas səbəbi kimi KİV-lərin daxili diskursunu müəyyən edən qayda, dəyər və nəzəriyyələri göstərmək olar.
Qərblilər liberalizm ideolojisinin ictimai quruluşunu yeganə məğbul model kimi görür. Bəziləri bu modelin dünyanın digər bölgələrində kamil surətdə tətbiq olunmamasını tənqid etməklə, sanki Qərbin digər bölgələrə nisbətən olan üstünlüyünü vurğulamağa çalışır.
Bununla yanaşı, son illərdə müsəlman dünyası avropalıların təsəvvüründə Qərbin ən bariz antipoduna çevrilmişdir. Qərbdə liberal çevrələrin əsasən müsəlman ölkələrini tənqid etməsini məhz bununla əlaqələndirmək olar. Beynəlxalq qeyri-dövlət təşkilatlarının insan hüquqları haqqında ölkələr üzrə hesabatlarına nəzər salanda görürük ki, Ermənistanda insan hüquqları ilə bağlı vəziyyət Azərbaycandan heç də yaxşı deyil, bəlkə daha acınacaqlıdır.
Amma Avropa və Almaniyanın KİV-lərini təhlil edəndə görürük ki, Ermənistanda bu problemlərin mövcudluğu ört-basdır edilir, ermənilər diskursda əsasən müsəlman türklərin soyqırım qurbanı kimi xatırlanır.
Cəmiyyətdə belə bir təfəkkür də var ki, Almaniya dövlət vəsaitini müsəlman ölkələrində liberal demokratiyanın inkişafına deyil, öz əhalisinə sərf etməlidir. Bu təfəkkürü cəmiyyətin mühafizəkar qisminə aid etmək olar. Mühafizəkar elitaların digər ölkələrə, o cümlədən Azərbaycana yanaşması isə ölkəmizin daxili vəziyyətindən daha çox onun xarici siyasətindən asılıdır, hərçənd ki, onlar da bəyanatlarında liberal dəyərlərin aliliyini qəbul edirlər.
- Sizcə, vəziyyətin bu səviyyəyə gəlib çatmasında erməni lobbisinin təsiri mümkündürmü?
- Ermənilərin və Ermənistanla müttəfiq olan dövlətlərin müdaxiləsi uzaq ehtimal deyil. Cənubi Qafqaz bölgəsi üzrə fəaliyyət göstərən bəzi alman siyasətçilər var ki, əsas məşğuliyyəti Azərbaycan əleyhinə bəyanatlar qəbul etmək və ölkəmizin ünvanına tənqidlər yağdırmaqdır.
Amma, nədənsə, bu siyasətçilər Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı bir söz belə deməzlər. Təəccüblü deyilmi? Bəzi soydaşlarımız bunun fərqinə varmır. Güman edirlər ki, bu siyasətçilər həqiqətən də Azərbaycanda insan hühuqlarının qayğısına qalır. Onlarla əməkdaşlıq etməklə bilməyərəkdən düşmən dəyirmanına su tökürlər.
Elnur Eltürk