Rus komandirin Azərbaycanı hədələməsinin səbəbi nədir?

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı Andrey Ruzinskinin Azərbaycanı hədələyən çıxışının arxasında hansı səbəblər var?

 “Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı Andrey Ruzinskinin bəyanatı Ermənistanın ictimai rəyinə hesablanıb. Çünki Ermənistanda Rusiyadan narazılıqlar var”. Politoloq Vəfa Quluzadə “Turan”a belə deyib.

Andrey Ruzinski “Krasnaya Zvezda” qəzetinə müsahibəsində qeyd edib ki, Rusiyanın hərbi bazasının cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə başlaya bilər”.

Vəfa Quluzadənin fikrincə, Ermənistan ölkənin iqtisadi və sosial vəziyyətinin pisləşməkdə davam etməsinə müharibənin səbəb olduğunu çox yaxşı bilir: “Anlayırlar ki, ölkəni ağır duruma salan Rusiyadır. Bu səbəbdən də Dağlıq Qarabağ probleminin tezliklə həllini istəyirlər. Rusiya isə əks mövqedən çıxış etməklə xəbərdar edir ki, biz olmasaq, Azərbaycan Ermənistanı darmadağın edər. Bu bəyanatla ictimai rəydə öz mövqeyini möhkəmləndirməyə çalışır”.

Politoloq əlavə edib ki, Rusiya komandanının bəyanatı Azərbaycana qarşı təhdid deyil və Azərbaycan hökumətinin Rusiyaya etiraz bildirməməsi düzgündür: “Ermənistan da, Azərbaycan da yaxşı başa düşür ki, Dağlıq Qarabağ probleminin həllinə imkan verməyən Rusiyadır”.

“Turan”a danışan digər politoloq Ərəstun Oruclu  Andrey Ruzinskinin bəyanatını məsuliyyətsiz açıqlama kimi qiymətləndirib: “Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa belə, Ermənistana hər hansı təhdidi yoxdur. Burada söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki işğalın aradan qaldırılmasından gedir. Rusiyanın bu münaqişəyə qoşulacağı ilə bağlı bəyanatı isə tam məntiqsizdir”.

Ərəstun Oruclunun fikrincə, Rusiyanın bəyanatı bir daha işğalın arxasında onun durduğunu sübut edir: “Andrey Ruzinskinin bəyanatı Rusiyanın gələcəkdə də işğalın arxasında dayanacağına hesablanıb. Azərbaycan hökuməti bu bəyanata sərt reaksiya verməlidir”.

əsas linklər