Ruhani Azərbaycanı kimə tapşırıb?

İrandan Azərbaycana snayperlə göndərilən mesaj

“Atlas” Araşdırmalar Mərkəzi İranla Azərbaycan arasında son günlər baş qaldıran problemləri analiz edib. “Qafqazinfo” həmin analitik məqaləni təqdin edir: 

 Noyabrın 5-də Naxçıvanın Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında, Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxsin atəş açması xeylu suallar doğurdu. Atəş nəticəsində kimsə həlak olmasa da, İran ərazisindən Azərbaycan ərazisinin atəşə tutulması Bakı üçün ciddi siqnal sayıla bilərdi.
 
Adətən İran-Azərbaycan sərhədində atəş kiminsə sərhədi qeyri-qanuni keçməsi zamanı baş verir. Bu dəfə isə durum fərqli idi. Atəşlə göndərilən mesaj bundan ibarət idi ki, Tehran Azərbaycanın təktərəfli şəkildə Arazda sahilbərkitmə çalışmalarından narahatdır. 
 
Traktorun snayper güllələrinə tuş gəlməsi nəticəsində Bakı müvəqqəti olaraq Naxçıvanla İranı birləşdirən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini, buna cavab olaraq Tehran isə Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağladı. Sərhəd məntəqələri uzun müddət qapalı qalsa bu iki ölkə arasındakı gediş-gəlişə, ticarət əlaqələrinə mənfi təsir edəcək. 
 
Həsən Ruhani prezident seçildikdən sonra Qərblə yanaşı qonşu Türkiyə ilə də münasibətləri normallaşdırmağa çalışır. İki dövlət arasındakı münasibətlərdə ciddi fikir ayrılığı Suriyada vətəndaş müharibəsi başladıqdan sonra yaranmışdı. Ruhani bu fikir ayrılığına baxmayaraq, Ankara ilə təmasları yenidən genişləndirməyə qərar verib.
 
Oktyabr ayının sonlarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfəri də bundan xəbər verir. 2014-cü ilin yanvar ayında Həsən Ruhaninin də Ankaraya səfəri planlaşdırılıb. Tehranın Ankara ilə yaxınlaşmaq istəyi, türkiyəli rəsmilərin də müsbət reaksiyasına səbəb olub. Ankara Tehranın Suriya prezidenti Bəşir Əsədə verdiyi dəstəyə baxmayaraq, Həsən Ruhani ilə sıx əməkdaşlıqda maraqlıdır.
 
Digər tərəfdən Qərblə İran arasında münasibətlərinin yumşalması Ankaranın xeyrinədir. Ankara bu yolla İranın enerji resurslarından rahat istifadə etmək imkanı qazanır, sanksiyaların yumşalması isə idxal-ixrac əməliyyatlarını genişləndirəcək ki, bu da Türkiyənin xeyrinədir. 
 
Tehran Qərb və Ankara ilə yanaşı Yerevanla da münasibətləri inkişaf etdirməyə çalışır. İranla Ermənistan rəsmiləri arasında oktyabr və noyabr ayrındakı görüşlərin dinamikası artıb. Noyabrın 5-də isə İranla Ermənistan arasında hidroenergetika sahəsində layihələrin həyata keçirilməsi üzrə üç saziş imzalanıb.
 
Tehranda İranın energetika naziri Həmid Çitçyanla Ermənistanın energetika naziri Armen Movsisyanın imzaladığı sazişlər iki ölkə arasında elektrik enerjisi mübadiləsini, elektrik enerjisinin təbii qazla dəyişdirilməsi tipli mübadiləni və Araz çayı üzərində yeni su elektrik stansiyasının tikintisini nəzərdə tutur.
 
Buna baxmayaraq, İran-Azərbaycan münasibətlərində müsbət dinamika yoxdur. Bu vaxta qədər iki dövlətin prezidentləri və xarici işlər nazirləri də görüşməyiblər. Ruhani prezident seçildikdən sonra Türkiyə-Azərbaycan-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü də baş tutmayıb. Halbuki, bu format çərçivəsində bir çox məsələlər müzakirə olunur.
 
Məsələ burasındadır ki, İrandakı dini və hərbi dairələr əvvəlkitək Azərbaycanı ölkələri üçün təhlükə mənbəyi sayırlar. Onlar Türkiyədən fərqli olaraq Azərbaycanı ABŞ və İsrailin bölgədəki plasdarmı sayırlar. Ruhani isə dini və hərbi dairələrin mövqeyini nəzərə almadan Azərbaycanla isti münasibətlər qurmağa risq etmir.
 
Ruhani Azərbaycanla münasibətlərdə Güney Azərbaycan amilini də nəzərə alır. Azərbaycanla yaxınlaşmaq Güney Azərbaycanda insan və milli hüquqların artmasına şərait yarada bilər. Bu isə İrandaxili prosesləri şiddətləndirə bilər. Ona görə də Ruhani də özündən əvvəlki prezidentlər kimi Azərbaycanla münasibətlərdə ehtiyatlıdır. Ancaq Ruhanin bu ehtiyatlı siyasətinin bumeranq effekti də var.
 
Noyabr ayının ilk günlərində Təbrizə şəhərində dağın ətəyində dalğalanan İran bayrağı yandırıldı. İran rəsmiləri bu hadisəyə münasibət bildirmədilər, bayrağın yandırılmasını görməzliyə vurdular. Ancaq hamıya aydın idi ki, bayrağın yandırılması İranda öz haqları uğrunda mübarizə aparan azərbaycanlıların Ruhaniyə mesajıdır.
 
Fəallar Ruhaniyə seçkidən öncə azərbaycanlılara verdikləri vədi xatırladırdılar. Ruhani Urmiya gölünün ekoloji problemini həll etmək üçün də hələ heç bir addım atmayıb. Urmiya gölünün xilası üçün vəd edildiyi kimi nə fond yaradılıb, nə də ki xüsusi proqram hazırlanıb. Gölün quruması nəticəsində bölgəni bürüyən duz fırtınaları isə İranla yanaşı qonşu ölkələr üçün də problem yaradır. 
 
İran-Azərbaycan münasibətlərindəki soyuqluğu əks etdirən bir başqa maraqlı hadisə də baş verib. Bakıda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatı bəzi ölkələrdə Qarabağla bağlı konfranslar keçirməyə qərar verib. Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi ilin əvvəlində Təbrizə gedərək, şəhər rəhbərliyi ilə İranda Qarabağla bağlı konfrans keçirməyi razılaşdırmışdı. Ancaq nə sentyabr, nə də oktyabr ayı ərzində konfrans keçirilmədi.
 
İran Xarici İşlər Nazirliyi konfransın Azərbaycan hökumətinin narazılığı əsasında təxirə salındığını Qarabağ Azadlıq Təşkilatı rəhbərliyinə bildirib.Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi isə məsələyə aydınlıq gətirmək məqsədilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, xarici işlər naziri Elmar Məmmədyarova məktub göndərib. 
 
Görünür, rəsmi Bakı Təbrizdə Qarabağ konfransının keçirilməsindən Tehranın öz məqsədləri üçün istifadə edə biləcəyindən ehtiyatlanıb. Məsələ burasındadır ki, Tehran illərdir bəyan edir ki, ATƏT münaqişənin həllində irəliləyiş əldə etmədiyindən İran Azərbaycanla Ermənistan arasında vasitəçilik edə bilər. Bakı isə Tehranın bu təklifini qəbul etmir.  Ona görə də Bakı Təbrizdəki konfrans vasitəsilə Tehranın Qarabağ məsələsində əlinin gücləndirilməsini istəməyib. 
əsas linklər