Həsən Ruhani: “Hökumətimdə bütün qruplardan qabiliyyətli insanlar təmsil olunacaq”

“Gələcək hökumətdə dini və konstitusiya çərçivəsində müxtəlif fikirlərə sahib insanlar təmsil olunacaq”. Bunu İranın yeni prezidenti Həsən Ruhani bildirib.

 Onun sözlərinə görə, mütəxəssis insanlara öz sahələrinə uyğun vəzifələr verilməlidir: “Ona görə də quracağımız yeni hökumətdə bütün qruplardan qabiliyyətli insanlar təmsil olunacaq. Böyük və azad bir cəmiyyət tək bir qrupun hakim olması ilə reallaşmayacaq. Çünki müxtəlif mövqeyə malik qrupların fərqli fikirləri xalqın ictimai həyatdakı iştirakının artmasına vəsilə olar. Xalqın idarəetmədə ictimai-siyasi iştirakın artırılması, vəzifələrə bağlı qalınmaması və xalqa xidmət göstərilməsində fəaliyyətləri sıxlaşdırmaq lazımdır”.

 H. Ruhani deyib ki, İranın illərdir yığılmış problemləri bir neçə gün və ya bir neçə ayda həll olmayacaq: “Ancaq gələcək hökumətin hədəfi xalqa etimadın artırılması olacaq. Yəni xalqın problemlərini aradan qaldırmaq və xalqa xidmət göstərmək əsas prioritet siyasətimizdən biridir”.

 İranın yeni prezidenti vurğulayıb ki, ifratçılığa söykənən mövqelər bir kənara qoyulmalıdır: “Ağıllı olmadan mülayim ola bilinməz, şüarla kifayətlənməyib, onun tətbiqi və həqiqətə çevrilməsi lazımdır”.

əsas linklər