
Bu günlərdə Bəlucistan əyalətinin baş naziri Abdul Malik Bəluc Azərbaycanın Pakistandakı səfirliyini ziyarət edib.
Görüş zamanı səfir Daşqın Şikarov Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın Azərbaycana verdiyi dəstəyə görə A.M.Bəluca təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.
Əyalətinin baş naziri A.M.Bəluc cari ilin 30 oktyabr-4 noyabr tarixlərində Bakı Humanitar Forumunda iştirak etdiyini bildirərək, ən yüksək səviyyədə təşkil olunan bu tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanın əldə etdiyi tərəqqi, qeyri-neft sektorunun inkişafı, Azərbaycan xalqının qonaqpərvərliyi onu heyrətə gətirib.
A.M.Bəluc iki ölkə və xalqlar arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək, onların bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. Daha sonra O, əyalətdə gedən proseslərdən, Avaran bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində əyalət və federal hökumət tərəfindən görülən işlər və digər məsələlər barəsində geniş məlumatlar verərək, zəlzələdən dərhal sonra Azərbaycanın yardım təklifini yüksək qiymətləndirərək qardaş Azərbaycana təşəkkürünü bildirib.
Bəlucistan hökumətinin başçısı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban Bayramında zəlzələ bölgəsində qurbanlar kəsərək təbii fəlakətdən zərər çəkən insanlara paylanılmasını, həmçinin 2012-ci ildə əyalətin Kvetta və Zob şəhərlərində həyata keçirtdiyi humanitar layihələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.