Tarixi şəxsiyyətlərimizə qarşı hücumların arxasında nə durur?

Son günlər mətbuatda, sosial şəbəkələdə tarixi şəxsiyyətlərimizə qarşı hücumlar başlayıb. Babək, Şah İsmayil Xətai, Koroğlu və digər tarixi şəxsiyyərlər təhqir olunmaqdadır. Ümumiyyətlə, bu prosesin arxasında nə durur? Mövzu ilə bağlı ziyalıların fikirlərini öyrəndik.

Şərqşünas-alim, filosof Könül Bünyadzadə hesab edir ki, bir milləti məhv etməyin iki yolu var: ya fiziki yolla yox etmək, ya da mənəvi baxımdan dəyişmək, bir növ mutasiyaya uğratmaqdı:

“Birinci yol hərb yoludur və beynəlxalq aləmdə əks-səda yaradır. İkinci yol isə incə bir siyasətdir. Tarixin məhvi, yaxud təhrif olunması da bu yolun vasitələrindən biridir. Tarix bir millətin keçdiyi yol, öz kimliyini təsdiq etməsidir.

Tarixdəki mənfi hallar bir dərs, ibrət olur, müsbət addımlar isə növbəti uğurlar üçün bir növ postament rolunu oynayır. Bir ağac öz kökünə uyğun boy atdığı, şaxələndiyi kimi, millət də tarixinə baxmaqla öz gələcəyini müəyyənləşdirir: haradan gəlib, haradadır, hara gedir?

Türk filosofu Əbu Turxan təsadüfən demir ki, “Bu günü olmayan xalqın keçmişi də yoxdur”. Keçmişimizi qorumağı da, oradan nəyi götürməyi də, gələcəyi hansı təməl üzərində qurmağı da bu günümüz həll edir. Xüsusilə vurğulayım: məqsəd keçmişi yıxmaq yox, gələcəyi qurmaqdır.

Bu gün tarixi sıx ələkdən keçirtmək az qala bir dəb halını alıb və hər kəs bir nöqsan tapmağa, dünənə qədər qürur duyduğumuz bir şəxsiyyəti, yaxud hadisəni xəcalət obyektinə çevirməyə çalışır. Bəs əvəzində nə verir? Xarabaya çevrilmiş keçmişdən, dərin peşmançılıq hissindən başqa heç nə, söz yığnağı.

Fəlsəfədə mətnləri həm öz dövrünə, janrına uyğun, həm də müəllifin mənəvi dünyasına, yaşadığı mühitə müvafiq təhlil və təfsir edən hermenevtika metodu var. Eyni şey istər ədəbiyyatda, istərsə də tarixdə keçərli olmalıdır. Tarixi dəyərlərə bu günün prizmaları ilə baxmaq mütləq şəkildə təhrifə gətirir.

Bir hadisənin və ya şəxsiyyətin öz dövründə millətin ayaqda durmasında, dəyərlərinin qorunmasında, bir millət kimi digər millətlər arasında özünü təsdiq etməsində bir rolu, əməyi varsa, məhz bunlar öz plana çəkilməlidir. Amma sanki sağlam bədəndə bir hüceyrəni böyüdüb bədxassəli şişə çevirib bütün orqanizmi təhlükə altına alırlar və bununla tarixə düzəliş verdiklərini zənn edirlər. Ağacın meyvəsi onun kökü ilə bağlıdır.

Rus şairi Puşkinin bir “Ançar” şeiri var: zəhərlə qidalanan ağacın meyvəsi də zəhərlidir və dörd tərəfinə ölüm saçır. Tarixi dəyələrin məhvi və ya təhrifi məhz neçə min illik ağacı zəhərlə suvarmağa bənzəyir. Bir gün öz zəhərli bəhrəsini verməsin deyə, vaxtında qarşısı alınmalıdır”.

Yazıçı-dramaturq Firiz Mustafa bu kampaniyaların avantüra xarakteri daşıdığını hesab edir: “Mən bunu qəbul etmir, pisləyirəm. Avropalıların Robin Qudu da elə Koroğlu kimi bir qəhrəmandır. O da kasıbların mənafeyini müdafiə edir, varlılara divan tuturdu. Amma Avropa öz qəhrəmanından əl çəkmir, ondan üz döndərmir. Biz Koroğlumuzdan niyə imtina etməliyik?”

əsas linklər