“Cəbhə xəttində hərbi təxribatlar ola bilər”

“Azərbaycan ordusunda baş verən rəhbərlik dəyişikliyi Ermənistan rəhbərliyini də düşündürməmiş deyil”.

Bu sözləri Newsaze.com-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa gəlişini şərh edərkən söylədi.

“Yeni nazir gələndən sonra orduda intensiv hərəkətlənmələrin olduğu Ermənistanın diqqətindən yayınmayıb. O cümlədən, ağır zirehli texnikaların döyüş bölgəsinə doğru hərəkətlənməsi də erməniləri narahat etməmiş deyil.

Ona görə də Ermənistan prezidentinin ordu rəhbərliyi ilə Dağlıq Qarabağa səfəri hərbi heyətin sayıqlığını bir daha yoxlamaq xarakteri daşıyır. Ancaq bu, səfərin yeganə səbəbi deyil.

Dağlıq Qarabağ probleminin həlli məsələsi dünya güclərinin yenidən gündəminə gəlib” - deyən politoloq Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın sonunda Vilnusda görüşünün razılaşdırıldığını söylədi:

“Bu görüşdə əsas müzakirə predmetlərindən biri də işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsinin boşaldılması məsələsidir. Bu məsələdə Türkiyənin xahişi ilə İsveçrənin vasitəçilik etdiyi haqda da konkret informasiyalar da mövcuddur.

Ermənistan prezidentinin Qarabağa səfərinin əsas leytmotivinin də bu yöndə olduğunu düşünürəm. Bu yöndə Qarabağdakı hərbi xunta ilə müəyən razılaşmalar, yaxud da danışıqları pozmaq üçün cəbhə xəttində müəyyən hərbi təxribatların planlaşdırılması da ola bilər. Bununla bağlı Ermənistan prezidentinin çətin durumda olduğu ortadadır”.

əsas linklər