
Azad Qarabağ Uğrunda Alyansın İran səfərinə və orada keçirilmiş görüşlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Azad Qarabağ Uğrunda Alyansının üzvü Rövşən Əhmədli bildirib ki, alyans Azərbaycanın bir nömrəli məsələsi olan Qarabağ münaqişəsi indiyə qədər keçirilən görüşlərdə bütün təşkilatların diqqətinə çatdırıb. O qeyd edib ki, Azad Qarabağ Uğrunda Alyans Təbriz və Ərdəbil şəhərlərində Qarabağ münaqişəsinin həllinə dair mühüm görüşlər keçirib: “Təbriz universitetinin rektoru Pərviz Ajidadan dəvət gəldi və biz 15 nəfərlik heyətlə ora səfər etdik. Səfər haqqında məlumatlar ictimaiyyətə çatdırıldı. Təbrizə çatdığımız vaxt bizə çox böyük ehtiram göstərildi. Mən düşünürəm ki, İranla Azərbaycanın əlaqələri daha da geniş olmalıdır. Həmin gün Qarabağ münaqişəsi ilə bağlı elmi-nəzəri konfransımız oldu. Daha sonra isə Təbrizdə beynəlxalq Qarabağ konfransı keçirdik. Bütün görüşlərimdə bəyan etdik ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və İran bu məsələdə Azərbaycanın yanında olmalıdır. Bu məsələləri bütün görüşlərimizdə qaldırdıq. Görüşlərdə İranın Qarabağ münaqişəsinin həllində siyasi-mənəvi dəstəyini önə çəkmişik. İran tərəfi əminliklə ifadə edirdi ki, Qarabağ düşməndən azad edilməlidir və əmin olun ki, biz həmişə sizin yanınızda olacağıq. Biz oradakı görüşdən çox yaxşı təəssüratla qayıtdıq. Biz bu görüşləri davam etdirmək niyyətindəyik”. R.Əhmədli qeyd edib ki, bu ilin noyabr ayında Təbrizdə beynəlxalq Qarabağ konfransı keçiriləcək. QAT sədri Akif Nağı isə deyib ki, səfərdə məqsəd bir müsəlman dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olmasıdır: “Bizim sentyabr ayında Qarabağ mövzusu ilə əlaqədar Türkiyəyə də səfərimiz planlaşdırılır. Noyabr ayında isə yenidən İrana gedəcəyik. Hesab edirəm ki, bu görüşlər Qarabağ münaqişəsinin həlli baxımından önəmlidir və davam etdirilməlidir”.