Şok: İrandan 178 azərbaycanlı xəstənin meyiti qayıdıb

“Son bir ildə İranda müalicəyə gedən Azərbaycan vətəndaşlarının 178 nəfərinin geriyə özləri yox, meyitləri qayıdıb”.

Bunu virtualaz.org saytına açıqlamasında adının şəkilməsini istəməyən etibarlı mənbə deyib. Səhiyyə sistemində çalışan qaynağımızın verdiyi xəbərdə bildirilir ki, vətəndaşların İrana kütləvi axını və ölüm sayının artması Səhiyyə Nazirliyinin ciddi narahatlığına səbəb olub: “Buna görə də bir neçə gün öncə nazirlikdə qapalı iclas keçirilib və məsələ mütəxəssislərin iştirakı ilə müzakirə edilib. Məsələnin ən diqqətəlayiq tərəfi ondadır ki, araşdırma zamanı İrana gedən vətəndaşlarımızın aldadılması hallarına da rast gəlinib. Bu faktlar da incələndi. Gəlib çatan məlumatlardan bəlli olur ki, İranda müalicə olunmaq istəyən Azərbaycan vətəndaşlarının çoxu sərhədi o taya keçən kimi taksi sürücülərinin timsalında böyük bir dəstənin toruna düşürlər. Onlar İrana həkimə, müalicə olunmağa gəldiklərini deyən kimi bu dəstə işə başlayır. Bəzi taksi sürücüləri vətəndaşlarımızı mütəxəssislərin yox, əlbir işlədikləri ara həkimlərinin, hətta feldşerlərin yanına aparırlar. Nəticədə sonradan xəstəliyi ağırlaşan vətəndaşlarımıza kömək etmək çətinləşir. İrana müalicəyə gedib meyiti qayıdan Azərbaycan vətəndaşlarının sayının bir ildə fəlakətli həddə çatmasının bir səbəbi də budur”.

Mənbəmizin söylədiyi rəqəmin gerçəkliyi nə dərəcədə əks etdirməsinə aydınlıq gətirmək üçün  Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə müraciət etdik. Xidmət rəhbəri də İranda müalicə olunanlar arasında ölüm və xəsarət faktlarının olduğunu təsdiqlədi: “Məndə ölənlərin sayı ilə bağlı dəqiq statistik göstəricilər yoxdur. Bu rəqəmləri müvafiq qurumlardan ala bilərsiniz. Amma fakt budur ki, İranda müalicə və onun fəsadları ilə bağlı bizə də çoxsaylı müraciətlər, suallar olur. Bu gün İranda müalicənin yalnız müsbət tərəflərindən danışılır. Lakin İranda müalicə nəticəsində dünyasını dəyişənlər və xəsarət alanlar az deyil”.

Səhiyyə Nazirliyinin sözçüsü Azərbaycandan İranda müalicə almağa gedənlərin sayında artımın olduğunu da etiraf etdi: “Bəzən İranda səhhəti ağırlaşaraq yenidən Azərbaycana qayıdanlara da rast gəlirik. Bizim həkimlər İranda xəsarət alanları demək olar ki, yenidən müalicə edirlər. Təbii ki, İranda müalicə olunaraq sağalanlar da var”.

A.Qədirli İran klinikalarının reklam olunduğunu qeyd etdi: “Azərbaycan vətəndaşlarının İrana axınında reklam böyük rol oynayır. Biri İrana gedir, sonra yaxınlarına da bunu məsləhət bilir. Üstəlik, Azərbaycandakı İran klinikaları da reklam işini yaxşı qurub. Səhiyyə yeganə sahədir ki, burada inam faktoru müstəsna rol oynayır. Xəstə inanmadığı həkimin müalicəsini qəbul etmir”.

Nazirlik sözçüsü bəzi yerli və İran klinikalarının qanunazidd olaraq reklam olunduğunu da vurğuladı: “Halbuki tibb müəssisələrinin, dərman preparatlarının reklamı yalnız Səhiyyə Nazirliyinin icazəsi ilə mümkündür. Amma bəzi televiziyalar qanunun tələblərini pozaraq intensiv şəkildə belə klinikaların reklamı ilə məşğul olurlar. Halbuki mətn və şəkillər, məlumatlar nazirliyə təqdim edilməli, bir ay müddətində yoxlanılmalı, razılıq veriləndən sonra yayımlanmalıdır. Buna görə də televiziyalara müraciət edərək reklamlar verərkən qanunvericiliyin tələblərinin nəzərə alınmasını xahiş edirik. Qeyd edim ki, nazirlik qanunsuz reklam olunan tibb müəssisələrinin siyahısını tərtib və təqdim edəcək”.

A.Qədirli İranda müalicənin tənqid edilməsi ilə bağlı məlumatlarla Bakıda fəaliyyət göstərmiş İran klinikalarının bağlanılması arasında əlaqə olmadığına əmindir: “Səhiyyə turizmi bütün dünyada yayılıb. Məsələn, Türkiyədən Almaniyaya, İngiltərədən Fransaya müalicə üçün gedirlər. Vətəndşın xaricdə müalicə alması öz ölkəsinin səhiyyəsinin səviyyəsi ilə ölçülə bilməz. Yəni bu məsələ səhiyyə sisteminin göstərici sayıla bilməz”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə İrana axının çox olduğunu nəzərə alaraq tədbir görülməsini vacib olduğunu deyir: “Bütün dünyada müalicə üçün xaricə üz tutmaq praktikası var. Lakin bu, kütləvi hal alarsa, artıq əlaqədar orqanlar müvafiq tədbirlər görməlidirlər”.

A.Qeybullanın sözlərinə görə, İrana və Türkiyəyə müalicəyə gedən xəstələrin sayının artması yerli mütəxəssislərin olmaması ilə əlaqələndirilə bilməz. Çünki Azrbaycanda kifayət qədər savadlı mütəxəssislər var. Həmçinin İranda müəlicənin ucuz olması da kütləvi axın üçün səbəb sayıla bilməz.

Həkim-infeksionist Gülnarə Məmmədova isə deyir ki, İrana müalicəyə gedənlər arasında hepatit və onkoloji xəstələrin sayı çoxdur: “Bu, orada yüksək ixtisaslı həkimlərin olması ilə bağlı deyil. Sadəcə olaraq İranda bu xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatları ucuzdur. Çünki İranda satılan dərman vasitələrinin əksəriyyəti yerli istehsaldır. Buna görə də dərmanların ucuz satılması təbiidir. Amma bu dərmanların hansı xəstəliklərə əks göstəricisini olduğunu bilmirik. Bəzən xəstələrin mədəsində problem olur. Müraciət edəndə öyrənirik ki, həkim böyrək üçün dərman yazıb, bu da mədəyə zərər verib”.

G.Məmmədova deyir ki, İranda bəzən bir mütəxəssisin bir neçə orqanın müalicəsi ilə məşğul olduğunu, nəticədə xəstənin səhhətinin ağırlaşdığının da şahidi olub: “İranda müalicə alan, lakin səhhəti ağırlaşdığından yenidən bizə müraciət edənlər arasında nevropatoloqun hepatit əleyhinə preparat yazdığının görmüşəm. Buna görə çoxları yalnız səhhəti ağırlaşandan sonra vətənə qayıdır”.

Bütün bu xəbərlərə aydınlıq gətirmək üçün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə gün ərzində bir neçə dəfə müraciət etsək də sorğumuz cavablandırılmadı. Özünü səfirliyin mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən iranlı diplomat bu məsələyə “əlaqədar şəxslərin razılığını alandan sonra” münasibət bildirəcəyini vəd etsə də sonradan müxtəlif arqumentlərlə (“bir saata zəng vurun”, “nahardayıq”, “namazdayıq” və s.) açıqlama verməkdən yayındı.

Azərbaycanın Dövlət Sərhəd Xidmətindən isə İrandan bir ildə 178 azərbaycanlı xəstənin meyitinin gətirilməsi faktına şərh vermək istəmədilər. Bununla belə virtualaz.org saytı bütün maraqlı tərəflərin mövqe və arqumentlərini dərc etməyə hazırdır.

əsas linklər