
“Qərb müxtəlif bəhanələrlə İrana qarşı sanksiya tətbiq etməsi ölkə iqtisadiyyatına təsir göstərib". Bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, beynəlxalq sahədə imperializm və söz sahibi olmaq məsələləri bitmək-tükənmək bilmir. M.Əhmədinejad liberal demokratiya sahəsində gördüyü işlərə toxunaraq seçkilər üçün səs toplamaq düşüncəsinin çoxluq təşkil edəcəyi yerdə dəyərlərin məhv olacağını deyib. İran prezidenti həmçinin ABŞ və bəzi ölkələrin iqtisadi çöküşünü də qiymətləndirərək Dünya Bankı, Beynəlxalq Sığorta Şirkəti və Beynəlxalq Valyuta Fondu kimi təşkilat və qurumların xalqların sərvətlərini talan etmək üçün yaradılıb: “Bu da xalqlara qarşı elan olunmamış bir müharibə deməkdir”. M.Əhmədinejad Xolokost məsələsinə də toxunaraq bu mövzunu insanlıq adına ortaya atdığını qeyd edib: “Çünki bu hadisənin xərci Fələstinə kəsilib”. Eyni zamanda İran prezidenti bölgədə bir-biri arasında fikir ayrılığı yaranmış bütün qruplardan İsrailə xidmət edən bu hərəkətlərinə son qoymağı istəyib: “Bölgədə anlaşılmazlıqların və qarşıdurmaların davam etməsindən təəssüflənirəm. Bir-biri arasında fikir ayrılığı yaranmış bütün qruplara da bu cür qeyri-insani davranışlarla İsrailə və qlobal istiqbara xidmət göstərməmələrini tövsiyə edirəm. Bölgədəki hər cür qarşıdurma yalnız sionistlərin və hegemon dövlətlərin xeyrinədir. Ona görə də bölgə xalqları düşmənlərinin sui-qəsdlərinə qarşı ayıq olmalıdırlar. Haqq, ədalət və azadlığa qovuşmağın yolu müharibə deyil, dözüm, həmrəylik və əməkdaşlıqdır”. M.Əhmədinejad İranın son 8 ildə beynəlxalq sahədə mövqeyini gücləndirdiyini də bildirib.