“Ermənistan öz aqressiv xarici siyasəti ilə əməkdaşliq imkanlarından özü-özünü təcrid edir”

Toğrul İsmayıl: “Ermənistanın Dağlıq Qarabağ mövzusunda atacağı bəzi addımların həm Türkiyə, həm də Azərbaycan tərəfində qarşılıq görəcəyi mesajları çoxdandır İrəvana çatdırılmaqdadır”

Türkiyənin TOBB Ekonomi və Texnoloji Universitetinin müəllimi, siyasi elmlər doktoru, politoloq Toğrul İsmayılın müsahibəsi

- Toğrul bəy, Əhməd Davudoğlunun Ermənistana səfəri haqqında nə deyə bilərsiniz?

- Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana getməsi 2009-cu ildən bu yana İrəvana ən yüksək səviyyəli səfərdir. Davudoğlu cəmi 9 saat qədər qaldığı Ermənistanın paytaxtında Nalbandyanla təxminən 1 saat 15 dəqiqəlik bir görüş reallaşdırdı. Onu da qeyd edək ki, xarici işlər naziri Davudoğlu da rəsmi heyətinə Türkiyədə jurnalist olan erməni əsilli türk vətəndaşlarını alaraq Ermənistana əhəmiyyətli bir mesaj verdi.

- Davudoğlunun mesajının arxasında nə dururdu?

- Məlumata görə, Davudoğlunun mesajının mahiyəti Türkiyənin Ermənistana və onun rəhbərliyinə qarşı heç bir önyarğısının olmadığı şəklində idi. Bu səfərin Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT ) konfransı çərçivəsində olmasına baxmayaraq, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi xüsusi əhəmiyyətə malikdir. Lakin bununla belə, bütün problemlərin bir səfərdə həll edildiyi təəssüratına qapılmamaq lazımdır. Xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla reallaşdırdığı görüşdən “yeni bir açılım “ prosesinin çıxmaması olduqca normaldir.

- Türkiyənin əsas məqsədi nədir?

- Türk mətbuatı da tərəflərin əlaqələri inkişaf etdirə bilmək üçün yaradıcı fikirlər üzərində işi davam etdirmək mövzusuna çatdıqlarını yazır. Türkiyənin əsas məqsədi Qafqazda sülh və sabitliyin inkişafını təmin etməkdir. Bununla yanaşı, Ermənistanın da bu sülh hövzəsinin bir parçası olmasını istəməkdədir. Təbii ki, bu hədəfə çatılması üçün, Davudoğlunun da ifadə etdiyi kimi, Dağlıq Qarabağ problemin həlli çox əhəmiyyətlidir. Davudoğlu Ermənistanla əlaqələrin bütün qonşularla olduğu kimi, ən üst səviyyəyə çıxmasını istədiklərini qeyd etmişdir. Türkiyə-Ermənistan əlaqələri paralelində Qafqazda da qalıcı bir sülh hövzəsinin meydana gəlməsi lazımlıdır. Mövcud donmuş böhranların həm Balkanlarda, həm də Qafqazda boş yerə enerji itirilməsinə səbəb olmaqdadır. Türkiyənin məqsədi bu itirilən enerjinin əlində ortaq əməkdaşlıq halında xaricə dönük olaraq bir iqtisadi rifah hövzəsi yaradılması istiqamətində istifadə edilməsidir. Bu mənada, Türkiyə, Gürcüstan və Azərbaycan arasında çox geniş əməkdaşlıq imkanlarını inkişaf etdirməlidir.

- Bunların qarşılığında Ermənistan nə edir?

- Fəqət, Ermənistan öz aqressiv xarici siyasəti ilə bu əməkdaşliq imkanlarından yararlana bilmir və özü-özünü təcrid edir. Doğru olan isə Ermənistanın da bu donmuş böhranların aşılmasıyla birlikdə bu iqtisadi layihələrin parçası olmasıdır. Bu isə Qarabağ probleminin ədalətli və BMT-nin daha öncəki qərarları çərşivəsində həllindən keçər. Türkiyənin təklif etdiyi “Qafqaz - sülh və sabitlik hövzəsi” layihəsi hələ də gündəmdədir. Əgər biz bölgəmizdə rifah və inkişaf zəminində xalqalarımızın əmin-amanlıq içərisində yaşamasını istəyiriksə, bütün bölgə xalqlarının ortaq rifahına yönələcək bu cür layihələrə hər zaman ağırlıq verməliyik. Xatırladım ki, Türkiyə tərəfi son həftələrdə Ermənistanla əlaqələrin normallaşdırılması baxımından yaradıcı fikirlər üzərində durulduğunu qeyd edirdi, lakin bunların nələr olduğu mövzusunda bir detal vermirdi. Doğrulanmayan xəbərlərə görə, bu fikirlərin təməlində Türkiyə ilə Ermənistan arasında 2009-cu ildə imzalanan, lakin uyğulanmayan protokollarda mövcud olan bəzi iqtisadi, nəqliyyat və ticarət kimi sahələri ehtiva edən maddələrin fəaliyyətə keçirilməsinin təmin edilməsi fikirləri yatır. Ancaq yenə də Türkiyə tərəfi həm diplomatik əlaqənin qurulması, həm də 20 ildir bağlı olan sərhəd qapısının açılması üçün Ermənistanın Dağlıq Qarabağ məsələsində Azərbaycan ilə mütləq razılığa gəlməsinin lazım olduğunu qeyd edir. Ermənistanın Dağlıq Qarabağ mövzusunda atacağı bəzi addımların həm Türkiyə, həm də Azərbaycan tərəfində qarşılıq görəcəyi mesajları çoxdandır İrəvana çatdırılmaqdadır. Türkiyə ilə Ermənistan arasındakı tək problem qurulamayan siyasi əlaqələr deyil. Ermənistan Osmanlı İmperatorluğu dövründə Anadoluda yaşayan ermənilərin zorla köç etdirilməsi səbəbilə baş verən hadisələri soyqırım olaraq tanınmasını istəyir. Başqa ölkə parlamentlərində və yerli məclislərdə soyqırımın tanınması üçün ciddi səy göstərən Ermənistanın hadisələrin 100-cü ili olan 2015-ci ildən əvvəl qaralama kampaniyasına sürət verdiyi görünür. Qeyd edim ki, Ermənistan 2015-ci ildən əvvəl nə Türkiyə, nə də Azərbaycanla bir razılaşma axtarışında olmayacaq. Rəsmi İrəvan 100-cü il kartından maksimum dərəcədə istifadə etməyə çalışacaq. Məhz bu səbəbdən, Davudoğlunun QDİƏT sessiyasının reallaşdığı otelə gələrkən bir qrup Ermənistan vətəndaşı tərəfindən etiraz edilməsi soyqırım müzakirələrinin canlılığını göstərməsi baxımından əhəmiyyətli idi.

əsas linklər