
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 9 mlrd. 728 mln. 561 min dollar məbləğində mal idxal edib.
Bu məbləğin 73%-i isə 10 ölkədən idxalın payına düşüb.
Gün.Az Dövlət Gömrük Komitəsinə istinadən Azərbaycanın ən çox mal idxal etdiyi ölkələrin siyahısını təqdim edir.
Beləliklə, ilin 11 ayında Azərbaycanın ən çox mal aldığı ölkə Rusiya Federasiyası olub. Bu ölkədən Azərbaycana 1 mlrd. 383 mln. 997 min dollar məbləğində mal gətirilib. Rusiyadan idxal olunan malların məbləği bu dövrdə Azərbaycanın ümumi idxalının 14%-ni təşkil edib.
Azərbaycanın ən çox mal aldığı ikinci ölkə olan Türkiyədən isə idxal olunan malların həcmi 1 mlrd. 357 mln. 324 min dollar olub. Bu ölkədən idxal ümumi idxalın təxminən 14%-ni tutub.
İlin 11 ayında Azərbaycanın ən çox mal idxal etdiyi üçüncü ölkə Böyük Britaniyadır. Bu ölkədən Azərbaycana 1 mlrd.188 mln. 933 min dollar məbləğində mal gətirilib. Böyük Britaniyadan idxal olunan mal ümumi idxalın 12%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən çox mal aldığı dördüncü ölkə Almaniyadan alınan malın həcmi 714 mln. 746 min dollar olub.
Azərbaycanın idxalında beşinci əsas ölkə Çin olub. Hesabat dövründə Çindən Azərbaycana 535 mln. 597 min dollar məbləğində mal gətirilib.
Azərbaycana ən çox mal gətirilən ölkələr arasında Ukrayna altıncı sıradadır. Bu ölkədən 523 mln. 277 min dollar məbləğində mal idxal olunub.
Hesabat dövründə Fransadan idxal olunan malın həcmi 402 mln. 428 min dollar təşkil edib.
Azərbaycanın ən çox mal idxal etdiyi səkkizinci ölkə Braziliya olub. Bu ölkədən 345 mln. 791 min dollar mal gətirilib.
Hesabat dövründə ABŞ (338 mln. 912 min dollar), Qazaxıstan (279 mln. 208 min dollar), Yaponiya ( 272 mln. 570 min dollar), Cənubi Koreya ( 213 mln. 578 min dollar), İtaliya ( 207mln. 777 min dollar), İran (190 mln. 158 min dollar), Niderland (161mln. 046 min dollar) da ən çox mal alınan ölkələr arasında olub.