Milli qəhrəmanlar Qarabağı istəyir: “Belə oturub gözləməklə nəyəsə nail olmaq çətindir”

Torpaqlarımız 20 ildən artıqdır ki, düşmən tapdağı altındadır və insanlar öz doğma yurd-yuvalarından didərgin düşüblər. Aparılan danışıqlar bu vaxta qədər müsbət nəticələr verməyib. Bəs Milli qəhrəmanlar bu haqda nə düşünür? Onların fikrincə, torpaqlarımızın azad edilməsi yönündə bu il müsbət irəliləyişləri görmək mümkündürmü? 

Modern.az bununla bağlı Milli qəhrəmanların fikirlərini öyrənib.

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov 2014-cü ildə əzəli ərazilərimizin düşmən tapdağından azad edilməsinə ümidli olduğunu deyir: “İnanıram ki, Ali Baş Komandanın yeritdiyi siyasət nəticəsində torpaqlarımız azad ediləcək. Düzdür neçə illərdir ki, torpaqlarımızın azad edilməsi uğurunda danışıqlar gedir, amma heç bir nəticə əldə edilməyib. Bu ildən gözləntilərimiz çoxdur”.  

Maşallah Abdullayev 2013-cü ildə bu istiqamətdə heç bir nəticə əldə edilmədiyini desə də, bu ildən daha yaxşı işlərin görüləcəyi qənaətindədir: “Başda Ali Baş Komandan olmaqla hamımız həmrəy olmalıyıq. Sülh və əmin-amanlığın olması üçün müxalifət və iqtidar da çəkici bir yerə vurmalı və torpaqlarımızı necə azad edəcəyimizi düşünməlidirlər. Yeni nəsil artıq torpaqlarımızı unudur. Halbuki, Qarabağ məsələsi bizim ən yaralı yerimizdir”.

Vahid Quliyev: “Neçə illərdir torpaqlarımız işğal altındadırsa, bu problem həll olunmursa, bu bir ildən də nəyisə gözləmək olmaz. Müşahidə etdiklərimdən onu deyə bilərəm ki, bu istiqamətdə heç bir müsbət nəticə gözlənilmir. Bunun yeganə yolu müharibədir. Əslində kənar müdaxilələr olmasa, bu məsələni müharibə yolu ilə həll etmək mümkündür. Müsəlman dövlətləri də birləşib onlara qarşı təzyiq göstərərlərsə, bu tarazlıq alına bilər. Amma o dövlətlərin birləşməsinə imkan verilmədiyi üçün hələlik bu məsələdə danışıqlar yolunun doğru olduğu düşüncəsindəyəm”.

Mirzə Quliyev Qarabağ məsələsində Ali Baş Komandanın siyasətinə inamlı olduğunu bildirir: “Onun tutduğu siyasət və torpaqlarımızın azad edilməsi yönündə gördüyü işləri hər birimiz yüksək qiymətləndiririk. Mən inanıram ki, bu il müharibə yolu ilə də olmasa, siyasi yolla bu məsələ öz həllini tapacaq. Torpaqlarımızın işğaldan azad edilməsi üçün biz Ali Baş Komandanın göstərişini gözləyirik”.

Sahil Məmmədov torpaqlarımız bu vaxta qədər azad olunmayıbsa, bunda sonra da nəyisə gözləməyin inandırıcı gerçəklik olmadığını deyir: “Torpaqlarımızı geri qaytarmaq üçün bundan çox cəhdlər göstərməliyik. Belə oturub gözləməklə nəyəsə nail olmaq çətindir. Elə bil hər şey unudulub. Gənclərin 20 il bundan əvvəl olanlardan xəbəri yoxdur. Torpaq yada düşür ki, onu da azad etmək üçün düşünsünlər...”.

əsas linklər