“Türkiyə azərbaycanlıların öz ölkəsidir”

Seyit Ahmet Arslan: ““Türkiyə türklər üçün Allahın bir lütfüdür”
Qardaş Türkiyə dünyada turizm sahəsində önəmli bir ölkədir və hazırda dünyada 6-cı yeri tutur. Azərbaycan vətəndaşları da daha çox Türkiyəyə istirahətə yollanır. Hazırda bu sahədə vəziyyətin nə yerdə olması ilə bağlı məsələyə BayMedia-ya müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan aydınlıq gətirdi.

-Türkiyədə az öncə, özəlliklə 30 maydan başlayaraq iyun ayında da davam edən Gəzi Parkı olayları baş verdi. Bu Türkiyənin dünyadakı imici baxımından yaxşı hal deyildi. Digər tərəfdən demokratik ölkələrin hər birində insanlar zaman- zaman belə etiraz tədbirləri, aksiyalar keçirirlər. Bu da onların demokrtaik haqqlarıdır. Bilirsiniz ki, Türkiyə turizm ölkəsidir. Bu aksiyalar da turizmə təsir etdiyindən bizi daha çox bu məsələ maraqlandırdı. Çünki ilin 6 ayında biz daha gərgin işləyirik ki, Türkiyəyə daha çox turistin gəlməsini təmin edə bilək. Turizm mövsümü ərəfəsində məlum hadisələrin baş verməsi bizi düşündürdü. Bununla bağlı müəyyən tədbirlər görməyə məcbur olduq. Şükürlər olsun ki, Türkiyənin qərarlılğı, gördüyü tədbirlər nəticəsində turistlər Türkiyəyə gəlməkdən çəkinmədilər. Bu hadisə Taksimlə məhdudlaşdığı üçün burada yerləşən otellər müəyyən təsirlərə məruz qaldı. Türkiyə isə Taksimdən ibarət deyil, amma Taksimdəki otellərə turist axınının azaldığı doğrudur. Türkiyənin çox böyük turizm bölgəsi olan Antalya, Muğla, İzmir, Kapadokya kimi bölgələrində sıxıntılar yaşanmadı. Turistlərin bu bölgələrə gəlməsində tərəddüdlər olmadı. Biz, günbəgün dünyada izləmə apardıq. Türkiyəyə hər hansı təyyarə reysinin təxirə salınmasını görmədik. İndiyə qədər statistikaya baxanda turist sayının getdikcə artdığını müşahidə edirik. Azərbaycan xalqına xüsusilə təşəkkür edirəm. Çünki azərbaycanlı turistlər həmişə olduğu kimi Türkiyədə istirahətə üstünlük verdilər.

- Hazırda Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişində artım tendensiyası müşahidə olunurmu?

- Təbii ki. Xüsusilə iyul, avqust və sentyabr ayında bu rəqəmin ötən ilə nisbətən artacağını gözləyirik.

- Müsahibələrinizin birində demişdiniz ki, turizmlə bağlı Azərbaycanda fərqli layihələr reallaşdıracaqsınız...

- Türkiyənin təbiəti bütün növ turizm imkanları yaradır. Bütün istiqamətlərdə reklama üstünlük veririk. Mətbuatda, Bakının mərkəzində böyük monitorlorda, avtobuslatrda, “London” taksilərində reklamlar yerləşdirdik. Biz dəniz, qum, günəş turizmi ilə bağlı reklamlara az yer verdik. Çünki Türkiyə turizmi təkcə dəniz, qum və günəşdən ibarət deyil. Türkiyənin digər görməli yerləri ilə bağlı reklamları ön plana çıxartdıq. Məsələn, Hava limanında Ağrıdakı İsak Paşa sarayının görüntüsünü verdik. Türkiyə Antalya, Bodrum, Muğla və ya İzmirdən ibarət deyil. Türkiyənin dünyada bənzəri olmayan bir Kapadokyası var. Mən çalışmalarımda daha çox buranı təbliğ edirəm. Kapadokya dünyada analoqsuz möhtəşəm bir yerdir. Bura daha çox yaponlar, amerikanlar, çinlilər maraq göstərirlər, çünki burada bir mədəni-tarixi turizm var. Kapadokyada insan tarixə qayıdır, o zaman insanların sosial yaşantısını təsəvvür edir. İstanbul isə bir toplantı məkanıdır, toplantı turizmi daha çox İstanbulda inkişaf edib. 2012-ci ildə Türkiyəyə 32 milyon turist gəlib. Bunun 10 milyonu Antalya, 10 milyonu İstanbul digər 10 milyonu da İzmir, Muğla, Kapadokya, Ədirnə, Urfa, Mardin, Karadəniz sahillərinin payına düşür. Turistlər İstanbula dənizə girmək üçün gəlmirlər. Dəniz həvəskarları Antalya, Muğlaya gedirlər. İstanbula gələnlər isə toplantı turizmi üçün gəlirlər. Böyük şirkətlər, holdinqlər illik toplantıları üçün özəl olaraq İstanbulu seçirlər. İstanbul həm də səhiyyə turizmi baxımından çox önəmli məkandır və dünyada öz yeri var. Amerika, Avropa, Asiya, Afrikadan İstanbula səhiyyə xidməti almağa gələn turist sayının artdığını görürük. Nəzərinizə çatdırım ki, tibb turizmi hər gün yerini möhkəmləndirir və bu sahəyə üstünlük verənlərin sayı getdikcə artır. İstanbulda yüksək standartlara cavab verən xəstəxanalar var. Orada yüksək səviyyəli həkimlər var ki, dünyadakı müasir texnologiyalardan istifadə edirlər. Türkiyə türklər üçün Allahın bir lütfüdür. Dünyanın hər yerindən Türkiyəyə insanlar gəlir. Hazırda İstanbulda böyük bir hava limanı inşa edilir ki, burada 100 milyon insasnın gediş-gəlişi təmin olunacaq. Bu reallaşandan sonra həm İstanbulun, həm də bütövlükdə Türkiyənin xüsusilə turizm baxımından siması dəyişəcək.

- Türkiyə turizm baxımından 7 ölkə sırasındadır. İlk üçlüyə daxil olma şansı nə qədərdir?

- Türkiyə hazırda ilk onluqdadır və 6-cı sırada yer alır, hətta İngiltərəni də qabaqlayır. Yeni hava limanı fəaliyyətə başladığı zaman Türkiyə turizm sahəsində dünyada ilk 5-liyə, bəlkə də ilk üçlüyə daxil olacaq. Həm də dünyanın sərnişin tranziti mərkəzinə çevriləcək. Ona görə də qarşıdakı illərdə Türkiyə turizminin hücuma keçəcəyi qənaətindəyik.

- Azərbaycanda İstanbul, Antalya, Bodrum, İzmir, Marmaris, müəyyən qədər də Kapadokya tanınır. Amma başqa yerlər barədə o qədər də məlumat yoxdur. Məsələn, elə maraqlı yer varmı ki siz, azərbaycanlı turistlərin məhz ora getməsini məsləhət görürsünüz?

- Əslində Türkiyə azərbaycanlıların öz ölkəsidir. Azərbaycanın Bodrum, Antalya, İstanbula gedənləri məlumdur. Amma Türkiyənin digər şəhərlərinə gedənlər o qədər çoxdur ki, biz onları izləyə bilmirik. Məsələn, kiminsə Ərzurumda bir dostu var və ora gedir ki, bu da diqqəti cəlb etmir. Azərbaycanlı qardaşlarımız üçün Türkiyənin hər tərəfinə getməsi dəyərlidir və əslində də gedirlər. Məsələn, onların diqqətinə Ədirnə və Mardini də çardırmaq istəyirəm. Çünki bu yerlər tarixi memarlıq abidələri ilə diqqəti çəkir. Mardinin bir bölgəsi olan Midyat möhtəşəm bir yedir. Bütün insanlar tarixi binalarda yaşayırlar. Mən Midyatın tarixi abidələrini, özəlliklə mətbəxini, yemək mədəniyyətini görməyi məsləhət görərdim.

- Jurnalistlərin Türkiyəyə səfərlərinin təşkili ilə bağlı hansı işlər görülür?

- Ən çox həyata keçirdiyimiz işlərdən biri də jurnalistlərin Türkiyəyə səfərləridir. Bu yaxınlarda 15 jurnalist Ərzurumda Dədə Qorqud festivalına qatıldı. Ən çox Azərbaycandan jurnalist göndərdik. Ondan əvvəl Bodruma, İzmirə və digər yerlərə göndərmişik. Turizmlə bağlı müxtəlif ölkələrdən jurnalistləri hər zaman Türkiyəyə göndəririk. Qış turizmi ilə bağlı da təbliğatlara üstünlük veririk.

-Bir avtobus turu da təşkil edilə bilrəmi?

-Avtobus turu barədə düşünürdüm. Amma bu bir az zəhmət tələb edir. Yol uzun olduğu üçün düşündüm ki, insanlar sıxıntı yaşayarlar. Buna görə də bu məsələ ilə bağlı çəkingən davrandım. Əlbəttə, avtobus turu təşkil olunarda həm ucuz başa gələr, həm də daha çox yer gəzmək olar. Bir səfərdə 30-40 jurnalisti rahat şəkildə göndərmək olar.

əsas linklər