
"Qarabağda müharibə başalayarsa, bu gənclərin əksəriyyəti öz torpaqlarını düşməndən təmizləmək üçün döyüşə gedəcəklər"
Qarabağ Azadlıq Təşkilatı son dövrdə azərbaycanlı gənclərin Suriyadakı döyüşlərdə iştirakı, həlak olmaları ilə bağlı yayılan xəbərlərlə əlaqədar bəyanat yayıb. ANS-ə verilən məlumata görə, bəyanatda bu məsələnin təşkilatı ciddi şəkildə narahat etdiyi bildirilir.
Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, bu məsələ Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalı və qarşısının alınması üçün təsirli tədbirlər görülməlidir.
“Gənclərin başqa ölkəyə gedərək döyüşlərdə iştirak etməsinin məsuliyyəti ilk növbədə dövlət strukturlarının üzərinə düşür. Dövlət strukturları qabaqlayıcı tədbirlər həyata keçirə bilmirlər. Digər tərəfdən, qeyd etməliyik ki, hakimiyyət Qarabağda işğalçı Ermənistana qarşı hərbi əməliyyatları ləngidir, ona görə də bu gənclər hərbi bacarıq və istəklərini başqa yerlərdə reallaşdırmaq məcburiyyətində qalırlar.
Biz əminik ki, əgər Qarabağda müharibə başalayarsa, bu gənclərin əksəriyyəti öz torpaqlarını düşməndən təmizləmək üçün döyüşə gedəcəklər. Başqa bir məsələni də vurğulamalıyıq ki, bu gənclər Səudiyyə Ərəbistanı və bəzi digər dövlətlərin zərərli təbliğatlarının qurbanlarıdır. Onları aldadaraq bu yola cəlb edir, öz məqsədləri üçün istifadə edirlər. Biz gənclərimizi yad təbliğatların təsirindən xilas olmağa və torpaqlarımızn işğaldan azad edilməsi üçün müqəddəs savaşa hazır olmağa çağırırıq”.