
İyulun 10-da Milli Məclisin sədr müavini Ziyafət Əsgərov İranın gənclər və idman naziri Məhəmməd Abbasini qəbul edib. Görüşdə iki ölkə arasında ortaq tarixi, dini və mədəni əlaqələrin olduğu qeyd edilib, İranla Azərbaycan Respublikası parlamentlərinin iki ölkə arasındakı əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb. M. Abbasi bildirib ki, “iki ölkə arasındakı əlaqələrə xələl vurmaq istəyən düşmənlər” məqsədlərinə çatmayıblar: “İki ölkə arasında dostluq üzərində qurulmuş əlaqələr sülh və təhlükəsizlik şəraitində inkişaf edir”. Nazir İranla Azərbaycan Respublikası arasında əməkdaşlığın Xəzər dənizinin təhlükəsizliyi və sabitliyinin qorunmasında əhəmiyyətli olduğunu söyləyib. Z. Əsgərov isə öz növbəsində müxtəlif sahələrdə, o cümlədən siyasi, mədəni, iqtisadi və parlament sahələrində iki ölkə arasında əlaqələri daimi və möhkəm adlandırıb. O, bir daha bəyan edib ki, Azərbaycan Respublikası heç vaxt öz ərazisindən İrana qarşı hansısa hərəkətlərin həyata keçirilməsinə icazə verməyəcək.