“20 Yanvar xalqımızın şüuruna qırmızı mürəkkəblə yazılsa da, milli ruhumuzu körüklədi, alovlandırdı”

 

Müsahibimiz Azərbaycan Turizm İnstitutunun əməkdaşı, Ankara Dövlət Universitetinin doktorantı, politoloq Vurğun Həsənlidir

-Vurğun Bəy, 20 Yanvar hadisəsi xalqımızın milli-mənəvi və sosial-ictimai şüurunda hansı izləri qoyub?

-Hər bir xalqın özünü tapdığı, silkələnib ayıldığı və ayağa qalxmağa cəhd etdiyi izləri var. Bu izlər o xalqın tarixinə kədərli qələmlə yazılsa da, şanlı muhtəva qazanır. Gələcək nəsillər o izlərdən ilham alır, cəsarət toplayır, sinəsini qabardaraq qürur duyur. 20 Yanvar 28 Maydan sonra bəlkə də Azərbaycan tarixinin ən şərəfli səhifəsidir.

Ona görə ki, biz nəhəng imperiyanın acımasız pəncəsindən qurtularaq öz şanlı tariximizi yaratmağa qoyulduq. Biz orada gənc fidanlarımızı, qərənfillərimizi, İlhamla-Fərizələrimizi şəhid verdik. Amma o şəhidlər, elə bir mərtəbəyə yüksəldi ki, Azərbaycan durduqca onlar da zirvədə duracaqlar. Hər insana nəsib olmayacaq qədər uca bir zirvə onların nəsibi oldu.

20 Yanvar xalqımızın şüuruna qırmızı mürəkkəblə yazılsa da, milli ruhumuzu körüklədi, alovlandırdı və artıq kommunist ideaların çökdüyünü dərk etdirdi. 20 Yanvar müasir Azərbaycançılıq ideologiyasının mənbəyidir. Bu mənbə olmasaydı, biz nə öz dilimizi bərpa edə biləcəkdir, nə öz etiqatlarımızı, nə də öz dəyərlərimizi yenidən canlandıra biləcəkdik.

Hüquqi müstəvidə ölkə müstəqil ola bilər. Amma əsl müstəqillik sənin bütün əcdadi dəyərlərinin yenidən cəmiyyətə qazandırılmasıdır. Qırğızıstan müstəqilliyini qazanıb, amma onlar dilləri ilə yanaşı bir çox dəyərlərini geri qazana bilməyiblər. Bunun kimi çox örnək vermək olar. 20 Yanvarın dəyəri də burada özünü göstərir.

Çünki 20 Yanvar bizə, “qardaş”, “yoldaş” gördüyümüz “özümüzkülərin” qətliam törətdiklərini göstərdi. Bizə “Bizim” kim olduğumuzu dəqiqləşdirməyimizi öyrətdi. Bizə milli dəyərlərə sahib çıxılmazsa YOX olacağımızı öyrətdi. Özümüzdən başqa özümüzə heç kimin acımayacağını öyrətdi. 20 Yanvarı matəm olaraq görmək lazım deyil. 20 Yanvar Azərbaycanın yenidən doğan günəşidir. Biz bu günəşin dəyərini çox yaxşı bilməliyik ki, bu günəş bizi qaranlıqda qoymasın.

-Bu hadisələrdən itkisiz ötüşmək mümkün idimi?

-Bilirsiniz, tarixdə dəyərli heç bir şey asan əldə olunmayıb. Fransada, müasir bəşəri dəyərlə böyük qanlar tökülərək əldə olundu. Türkiyə də, öz müstəqilliyini çoxlu şəhidlər verərək qazandı. Əgər tarix yazacaqsansa şəhid verməyə qorxmamalısan. Lakin 20 Yanvar hadisələri zamanı baltası özümüzdən olan bir çox azərbaycanlının da “rolu” itkilərdə böyük olmuşdur. Əsl onlar qınanmalı və tarixin qara səhifələrində onların adı qeyd olunmalıdır. 20 Yanvar şəhidlərini İTKİ olaraq yox ŞANLI QƏHRƏMANLAR olaraq anmalıyıq. 

əsas linklər