Gürcüstan ombudsmanı Uça Nanuaşvili Borçalıya səfər edib. QHT nümayəndələri ilə görüşən insan haqları üzrə müvəkkil öncə Ramazan bayramı münasibətilə bölgədə yaşayan müsəlmanları təbrik edib və onlara xoşbəxtlik və firavan həyat arzulayıb. Ombudsman azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsinə səfərinin məqsədini açıqlayıb. O, QHT nümayəndələri ilə görüşmək və bölgədə olan problemləri dinləmək üçün səfər etdiyini bildirib. Sonra görüş diskussiya şəraitində davam edib.
Tədbirdə iştirak edən azərbaycanlı və gürcü fəallar bölgədəki problemlərdən söhbət açaraq səhiyyə, təhsil, icra hakimiyyətlərindəki vəziyyət, dövlət idarələrində Azərbaycan dilində ərizə qəbulu məsələsi barədə, eyni zamanda dərsliklərin tərcüməsi və nəşri, dövlət dilinin öyrədilməsi sahəsində kadrların güclü olmaması, məktəblərə direktor təyinatındakı nöqsanlardan və dövlət idarələrinə təyinatla bağlı azərbaycanlıların nəzərə alınması barədə suallar veriblər. Tədbirdə eyni zamanda torpaq və suvarma suyunun və kənd təsərrüfatı üçün ayrılan vauçerlərin əhaliyə çatdırılmasında olan nöqsanlar barədə də məsələ qaldırılıb. Ombudsmanın nəzərinə çatdırılıb ki, Marneuli bölgəsində əhalinin çoxu azərbaycanlılardan ibarətdir və yerli hakimiyyətdə azərbaycanlı kadrlar azlıq təşkil edir.
Uça Nanuaşvili açıqlamasında görüşün maraqlı keçdiyini bildirib: “Mən bu problemlərlə qismən tanış idim. Lakin bu qədər problemlərin olduğunu bilmirdim. Mən öz tövsiyələrimi hesabat halında yazacaq və parlament qarşısında, eyni zamanda nazirlər qarşısında çatışmazlıqların həlli üçün məsələ qaldıracağam”.