
Türkiyədə ermənilərdən ibarət cinayətkar dəstə tutulub. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, qruplaşma İstanbulda yaşayan yaşlı ermənilərin evlərini qarət edib. Məlumata görə, qruplaşmanın üzvləri Ermənistan vətəndaşlarıdır. Onlar Ermənistandan qadınları buraya gətirib onları yaşlı ermənilrin evlərində qulluqçu kimi işə düzəldirdi. Həmin qadınlar da evdə olan pulların və qiymətli zinət əşyalarının yerlərini öyrənib, daha sonra evi soymaqda kömək edirdilər. Bundan sonra da Ermənistana qayıdırdılar.
İstanbul polisi müəyyən edib ki, 3 qadın və 3 kişidən ibarət qruplaşmanın son qurbanları İstanbulda yaşayan Sara B. və Jilda K. adlı ermənilər olub. Qruplaşma üzvləri evlərinə girərək onları bıçaqla hədələyib və 300 min dollar dəyərində zinət əşyası, 10 min dollar nəğd pul və 4 kürk ələ keçirib.
Polislər qarət edilən evlərin yaxınlığındakı video kameralardakı görüntülərinə baxaraq onların şəxsiyyətini müəyyənləşdirib və qruplaşma üzvlərini bir evdə yaxalayıb. Amma, qruplaşmanın bir üzvü öz payını alaraq artıq Ermənistana qayıdıb. Oğurlanmış əşyaların bir hissəsi tapılıb və sahiblərinə qaytarılıb.
Qruplaşma üzvləri həmçinin narkotik istifadəsinə görə də mühakimə olunur.