
Milli ideologiyaya hər bir xalqı inkişafa aparan və onun üçün həyatı əhəmiyyət daşıyan, əsasən də özünə milli mənəvi dəyərləri birləşdirən sistem kimi baxmaq olar. Hər şeydən öncə milli kimlik konsepsiyasını ortaya qoyan xalq öz milli ideologiyasını formalaşdırır və hədəflərinə çatmaq üçün fəaliyyətə keçər.
Amma onu da unutmamalıyıq ki, yaşadığımız dünyada xüsusilə yad ideologiyaların meydan suladığı bir vaxtda milli dəyərləri, milli ideologiyanı qoruyub saxlamaq getdikcə çətinləşir. Çünki güclü dövlətlər öz ideologiyalarını müxtəlif vasitələrlə yaymağa çalışırılar və zəif xalqları öz əsarətləri altına alırlar. Buna baxmayaraq, güclü təməllər üzərində dayanan xalqlar yad ideologiyalardan özünüqoruma instinkini saxlayırlar.
Milli ideologiyası olmayan xalqlar güclü dövlət qura bilməzlər və öz cəmiyyətlərinin inkişafına nail olmaları mümkünsüzdür.
Tarixə qısa nəzər salsaq görürük ki, Azərbaycanda milli ideoloji fikirlər milli ziyalılarımız tərəfindən XIX əsrin 70-ci illərindən formalaşmağa başlasa da, onun inkişafı XX əsrin əvvəllərinə təsadüf etdi.
1918-ci ildə qurulan milli dövlətçiliyimizin təməlində dayanan əsas dayaq milli kimlik və milli ideologiya dururdu. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında geosiyasi və digər faktorlar rol oynasa da, bu dövlətin qurulmasında əsas etibarilə milli ideologiyanın birbaşa təsiri var idi.
Məhz buna görə Azərbaycanı işğal edən Rusiya bu amili sıradan çıxartmaq, öncə ziyalılarımızı məhv etməyə başladı. Bu ideologiyanın daşıyıcıları olan milli ziyalılarımız dövlət səviyyəsində aparılan repressiyanın qurbanına çevrildilər. Bolşevik hökuməti bununla da xalqımızın milli düşüncəsinə zərbə vururdu. Çünki milli ideologiyası oturuşan xalqı əsarət altında saxlamaq qeyri-mümkün idi və o xalq nə qədər əsarətdə yaşasa belə, gec-tez azadlığına nail olacaq. Sovet imperiyası 71 il ərzində Azərbaycanda milli ideologiyanın qarşısını almağa çalışasa da, buna heç cür nail ola bilmədi. Gizli və ya açıq şəkildə ziyalılarımız milli ideologiyanın yayılması uğrunda mübarizə aparırdılar. Onlar bunu istər qələmə aldığı əsərlərində, istərsə də söhbətlərində diqqətə çatdırırdılar.
1980-ci illərin sonunda Azərbaycanda başlanan milli-azadlıq hərəkatının təməl prinsipində həmin baza dayanırdı.
1991-ci ildə Azərbaycanın ikinci dəfə müstəqilliyini elan etdikdən sonra milli kimlik və milli ideologiya istiqamətində işlər görülməyə başlanıldı. Ancaq bununla yanaşı, bu gün cəmiyyətimizdə milli ideologiyanın bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayanlar tapılır. Bu məsələ ilə bağlı ziyalılarımızın fikirlərini öyrənməyə çalışdıq.
İlk olaraq tarixçi-şair Aqil Kəngərli söhbətimizdə milli ideologiyanın önəmini ortaya qoydu. Tarixçi qeyd edir ki, milli ideologiya hər bir millətin milli kimliyinin, milli dünyagörüşünün, milli ruhunun göstəricisidir: "Biz keçmiş sovet cəmiyyətində milli ideologiyadan demək olar ki, məhrum edilmişdik. Biz artıq 22 ildir ki, müstəqil dövlətik və bizim də milli ideologiyamız olmalıdır. Bizim milli atributumuz olan üçrəngli bayrağımızda bu ideologiya gözəl əks olunub".
Milli ideologiya üzrə araşdırmaçı, tədqiqatçı Şirvani Ədilli milli ideologiyamızın türk millətçiliyi olduğunu qeyd etdi: "Türk millətçiliyi türk milli varlığını qoruyub yaşatmaq və yüksəltmək, milli şüurun inkişafı, əsarətdə olan türk xalqlarının azadlığı və milli dəyərlərə söykənən milli dövlətlərə sahib olması ideyalarına əsaslanır. Türk millətçiliyinin üç prinsipi (türklük, müasirlik, islam) və üç səviyyəsi (Azərbaycançılıq, Oğuzçuluq, Turançılıq) var".
Rusiyada yaşayan şair Sultan Mərzili hər bir xalqın inkişafında milli ideologiyanın böyük rol oynadığı dedi: "İdeologiyası olmayan xalqın hesab etmək olar ki, milli kimliyi şübhə altında qalır, milli özünüdərk etməsi də olmur. Bu, çox vacib məsələdir. İdeologiya xalqın imanıdı. İdeologiya xalqa hərəkətverici qüvvədir".
Bakı Dövlət Univesitetinin tarix fakültəsinin dosenti, tarixçi Kərəm Məmmədov ideologiyasız cəmiyyətin, sadəcə, insan toplumundan ibarət olduğunu diqqətə çəkdi: "Hələ ibtidai insanlar belə müəyyən məslək və ya məşğuliyyət sahəsinə görə birləşir və ya bölünürdülər. İnsan topluluqları ictimai inkişafın gedişində tranformasiya və inteqrasiya proseslərindən keçməyə məhkumdurlar. Müəyyən bir ideologiya ətrafında birləşmiş insan birlikləri bu birləşdirici vasitə öz gücünü itirdikdə o toplumlar deqradasiyaya uğrayır", - deyə tarixçi əlavə etdi.
Sonda belə nəticəyə varırıq ki, güclü iqtisadi-sosial və siyasi-mədəni gücə malik olan dövlətlər, hər zaman öz milli güc və potensiallarını formalaşdırır və milli maraqlarına uyğun siyasət yürüdürlər.
Elnur Eltürk
Məqalə "Müasir İnkişaf" İctimai Birliyinin "Milli Kimlik" Konsepsiyası layihəsinə təqdim olunur.