“Ana harayı”nı ziyarət edən ingilis: “Ermənilər işğalçı xalqdır”

 

Qanlı Xocalı faciəsindən 22 il ötür. Hər bir azərbaycanlının qan yaddaşına çevrilən Xocalı faciəsi tarixdə sağalmaz yara olaraq qalacaq. Sabah Xocalı faciəsinin ildönümü bütün respublika miqyasında qeyd ediləcək. Bu səbəbdən də Modern.az saytı “Ana harayı” abidəsi önündə aparılan hazırlıq işləri ilə yaxından tanış olub. 

Ərazidə böyük izdihamın şahidi olduq. Təbii ki, sabahkı tədbirə ciddi hazırlıq gedirdi. “Ana harayı” abidəsinin ətrafına yeni gül kolları əkilib, abadlıq işləri aparılır, bir sözlə, səliqə-sahman göz oxşayırdı. Bu gün də abidəni ziyarət edən insanların sayı-hesabı yox idi. Xüsusilə, orta məktəblərdən, təşkilatlardan ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Bura gələnlərin arasında azərbaycanlılarla yanaşı, əcnəbi vətəndaşlar da üstünlük təşkil edirdi. Bu da Xocalı faciəsi qurbanlarının xatirəsinə dərin ehtiramın təzahürü idi. Xocalı abidəsini ziyarət etməyə gələn İngiltərə vətəndaşı fikirlərini Modern.aza bildirdi: 

“Adım Cim Şeyndır. İngiltərə vətəndaşıyam. Bakıda keçiriləcək Avropa oyunları əməliyyat komitəsinin icraçı direktoruyam. Bildiyiniz kimi, 2015-ci ilin iyun ayında Bakıda Avropa oyunları keçiriləcək. Onu deyə bilərəm ki, “Ana harayı” abidəsinin önünə toplaşan insan axınını seyr etməmək mümkün deyil. Həmçinin, əcnəbi vətəndaşların bu faciəni duyması və hiss edə bilməsi çox önəmlidir. Mən birinci dəfədir Xocalı abidəsinin önünə gəlib gül dəstəsi qoyuram. Faciə ilə əlaqədar onu deyə bilərəm ki, birmənalı olaraq, ermənilər işğalçı xalqdır. Xocalı faciəsinin baş verdiyinə təəssüflənirəm. Onu da deyə bilərəm ki, azadlığa gedən yol üçün belə təəssüf doğurucu hadisənin baş verməsi labüd idi”.

Əcnəbi vətəndaşlarla söhbətimizi yekunlaşdırıb yenidən ətrafı müşahidə etməyə çalışırıq. Yenə də insan axını davam edir. Qeyd etdiyim kimi, orta məktəb şagirdlərinin əllərində gül dəstələri ilə ziyarətə gəldikləri gözümüzdən yayınmırdı. Təbii ki, bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.


171 saylı orta məktəbin müəlliməsi Məlahət xanım Xocalı faciəsi haqqında bunları dedi:

“Dünən də faciə ilə bağlı şagirdlərə məlumat verəndə hiss edirdim ki, uşaqlara çox pis təsir edir. Uşaq olsalar da, Xocalı faciəsinin dəhşətli bir hadisə olduğunu bilirlər. Buna görə də ən çox məsuliyyət biz müəllimlərin üzərinə düşür. Çalışırıq ki, bu cür faciələri unutdurmayaq. Biz uşaqlarımızın unutqanlığını yayındırmalıyıq. Biz çox faciələri unutduğumuzdan tarix bir neçə dəfə təkrarlanıb. Biz gələcəyimiz olan gəncləri unutqan ruhda böyütməməliyik.”.

Xocalı abidəsini ziyarətə gələnlərin təəssüratlarını öyrəndikdən sonra sabahkı tədbirlə bağlı Xətai rayon icra hakimiyyətinin memarı Vadim Surxayevlə söhbət etdik. Onun sözlərinə görə, artıq ziyarətə hazırlıqla bağlı görülən işlər başa çatıb: “Ana harayı” abidəsi ətrafında abadlıq işlərinə on gün əvvəl başlanılıb. Yeni güllər, 4 minə yaxın bəzək ağacları əkilib. Hazırda ağacların budama işləri davam edir. Oturacaqların, işıq dirəklərinin rənglənməsi və bu ərazinin əhatə dairəsində olan divarların təmiri başa çatıb. “Ana harayı” heykəlinin abidəsinin ziyarəti on gün əvvəldən başlayıb. Hər il bu ərazidə abadlıq işləri aparılarkən yeniliklər olur. Bu il də istisna deyil. Gördüyünüz bu banner keçən il kiçik ölçüdə idi. Bu il isə çox böyükdür. 910 kvadrat metrdir”.





















əsas linklər