“Ermənistanda vəziyyət daha da gərginləşəcək”

Davud Turan: “Amerikada da anlayırlar ki, Ermənistanın siyasi-iqtisadi gələcəyi yoxdur”

ABŞ-da yaşayan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Dirəniş Hərəkatının sədri, politoloq Davud Turanın müsahibəsi

- Davud bəy, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulanların sayı artır. Bunu konqresin Azərbaycana marağının artdığının göstəricisi hesab etmək olarmı?

- Təbii ki. Azərbaycan Amerika Birləşmiş Ştatları üçün önəmli dövlətdir və iki dövlət arasında əlaqələr strateji əhəmiyyət daşıyır. Bunu ölkə siyasətçilərinin verdiyi açıqlamalardan da görürük. Üstəlik, Azərbaycan yerləşdiyi məkana görə də hər zaman strateji önəmini saxlayacaq. Amerikada da bunun fərqindədirlər və ölkə siyasətçiləri, beyin mərkəzləri bu amili xüsusi qeyd edirlər.

Bu yaxınlarda Amerika-Azərbaycan iqtisadi forumunun keçirilməsi buna misaldır. Amerikada dərk edirlər ki, bölgədə Azərbaycansız hansısa layihəni gerçəkləşdirmək mümkünsüzdür. Azərbaycan cənubi Qafqazın açar rolunu oynayır. Azərbaycanla əlaqələrin inkişafı mərkəzi Asiya ölkələri ilə normal əlaqələrə malik olmaq deməkdir.

- Bu günlərdə Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın İrəvanda keçirilən beynəlxalq konfransda Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları sürməsi ilə bağlı açıqlamalar verdi. Ermənistan dövlət rəsmisinin belə açıqlamalar verməsi ilə bağlı nə deyə bilərsiniz?

- Mən deyərdim ki, belə açıqlamalar vermək xəstə təfəkkürün məhsuludur. Normal düşüncəyə sahib olan şəxs belə açıqlamalar verə bilməz. Əvvəla, Ermənistanın hansı şəraitdə Azərbaycanın torpaqlarını işğal etdiyini yaxşı bilirik. Nə qədər ki, bu dünya var, Xocalı soyqırımı Ermənistanı daim izləyəcək. Bu gün yenidən Ermənistan Azərbaycanın digər rayon və bölgələrini işğal edə bilərmi? Güclü Azərbaycan Ermənistana elə dərs verər ki, tarix boyu özlərinə gələ bilməzlər. Sadəcə olaraq, bu kimi açıqlama və bəyanatlar Ermənistanda daxili ictimaiyyətə hesablanmış populist sözlərdən başqa bir şey deyil. Bunun heç birini gerçəkləşmək şansı yoxdur. Ermənilər tarixən hansı şəraitdə Qafqaza gəldikləri və hansı dövlətlər tərəfindən dəstəkləndiklərini yaxşı bilirik. Ona görə də yaxşı olardı Ermənistan rəhbərliyi belə bəyanatlar verməkdənsə, öz ölkəsinin gələcəyi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına çalışsın. Qarabağın işğalı və Türkiyə ilə münasibətlərin gərgin qalması Ermənistanı hansı vəziyyətə gətirdiyi ortadadır. Ermənistanda insanlar qaçmaq üçün bütün vasitələrə əl atırlar.

- Dediyiniz məsələlər maraqlıdır. Amma nədənsə, Ermənistan rəhbərliyi normal danışıqlara getmək istəmir...

- Hamıya ayındır ki, Ermənistan rəsmi Kremlin nəzarəti altında olan dövlətdir. Rus siyasətçilər özləri etiraf edirdilər ki, Ermənistan Rusiyanın forpostudur. Ölkə oradan gələn əmrlərlə idarə olunur. Başqa cür hərəkət Ermənistana baha başa gələr. Həmçinin, Ermənistan Azərbaycan və Türkiyə üçün təzyiq vasitəsidir. Amma Ermənistanın poliqon olması bu ölkəyə böyük fəlakətlər bəxş edəcək. Hesab edirəm ki, Ermənistanda bundan sonra vəziyyət daha da gərginləşəcək. Artıq xaricdə erməni diaspor rəhbərləri də bunu görürlər. Həmçinin, Amerikaya və Qərbə açıq-aydın bəllidir ki, Ermənistanın siyasi-iqtisadi gələcəyi yoxdur.

əsas linklər