
"Nəzəri formalar hər yerdə irəli sürülə bilər, süni kriteriyalar yaradıla bilər.İstər insan hüquqları, istərsə də iqtisadi məsələlərlə bağlı fikir yürüdərkən mövcud reallıqları nəzərə almaq lazımdır”. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin İnsan haqları hesabatında Azərbaycanla bağlı yer alan fikirləri şərh edərkən jurnalistlərə bildirib.
A.Əzimovun sözlərinə görə, hər bir məsələyə müəyyən zaman çərçivəsində yaxınlaşmaq lazımdır. "Hər bir cəmiyyətin öz xüsusiyyətləri var. Bunu nəzərə almaq lazımdır. Digər tərəfdən, nəyi sə təbliğ, yaxud tədris edən bir tərəf, yaxud şəxs özü əvvəl buna uyğun olmalıdır. Hesabatda məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır. Heç bir vəchlə deməzdim ki, mənbələr hər bir zaman obyektiv hesab oluna bilər".
XİN rəsmisi hesabatda ölkəmizlə bağlı məsələlərin hökumət tərəfindən araşdırıldığını deyib. "Ancaq bu məsələni şişirtmək lazım deyil".
O, qeyd edib ki, insan hüquqları ilə bağlı vəziyyətə hökumətin göstərdiyi qayğıdan tutmuş real vəziyyətdə olan inkişaflara qədər bu məsafədə olan boşluqları nəzərdən keçirmək və boşluqları aradan qaldırmaq üçün yolları göstərmək lazımdır. "Fondlardan tutmuş şuralara qədər hökumətin QHT-lərlə əməkdaşlıq etmək üçün kifayət qədər mexanizmləri var".