
“Təkcə Xocalı soyqırımına görə deyil, ümumilikdə Qarabağdakı dağıntılara görə təzminat istəyə bilərik. Bunu dövlət, zərərçəkmiş vətəndaşlar edə bilərlər”.
Bunu Moder.az-a millət vəkili, Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev deyib.
O bildirib ki, bu məsələdə ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin edilməlidir: “Torpaqlarımız işğaldan azad olunandan sonra təzminat məsələsi gündəmə gələ bilər. Hələlik bu barədə biz söz demək olmaz”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da təzminat məsələsinin gündəmdə olmadığını qeyd edib: “Ermənilər neçə on illiklərdir ki, qondarma erməni soyqırımını qəbul etdirməyə çalışırlar. Müəyyən “nəticə”lərə də nail olublar. Amma bunun ermənilərə elə də xeyiri olmayıb. Ermənilər çalışır ki, “soyqırım” ABŞ-da dövlət səviyyəsində qəbul edilsin və onlar da Türkiyədən təzminat tələb etsinlər. Amma bu, real görünmür. Bizim hər hansı təzminata ehtiyacımız yoxdur. Əsas işimiz Xocalı soyqırımını dünyaya çatdırmaqla ermənilərin həqiqi simasının, yırtıcılığının dünyaya nümayiş etdirilməsinə nail olaq. Təzminatı yalnız o vaxt ala bilər ki, hərbi əməliyyatlar nəticəsində torpaqlarımızı işğaldan azad edək. Bu prosesdən sonra qalib tərəf kimi Ermənistandan təzminat tələb edə bilərik”.