Könül Bünyadzadə: “Naqis dərslik saatlı bombadır”


"Milli Kimlik" Konsepsiyasının hazırlanması çərçivəsində keçirilən tədbirlərdə Milli Kimlik şüurunun, vətən əxlaqının formalaşmasında tarix şüuru böyük rol oynaması ilə bağlı fikirlər səsləndirilib. Tarix şüurunu isə tarix dərslikləri formalaşdırır. Bu mövzu ilə bağlı söhbət etmək üçün şərqşünas-alim, filosof Könül Bünyadzadəyə müraciət etdik.
-Könül xanım, bizdə bu sahədə mövcud olan çoxsaylı problemlər haqqında nə deyə bilərsiniz? Bunları necə həll etməliyik? Milli Kimliyimizi formalaşdıran mühüm amil olan tarix dərsliklərimizdəki nöqsanlara münasibətiniz necədir?
-Yalnız tarix deyil, ümumiyyətlə milli şüurun formalaşmasında hər bir fənnin, başlıcası isə onu yazan müəllifin və tədris edən müəllimin şəxsiyyətinin rolu böyükdür. Bunlar hamısı bir-biri ilə sıx bağlı olan və birini tamamlamalı olan faktlardır, başında isə dərslik durur.
-Bu məsələdə müəllimlərin rolunu necə görürsünüz?
-Belə ki, elə həmin təhrif olunmuş tarixi öyrənən sabahın müəllifi və müəllimidir. Deməli, naqis dərslik saatlı bombadır.
Tarix yalnız keçmişin, hadisələrin, faktların nəqli, qəhrəmanların adlarının, döyüşlərinin əzbərlətdirilməsi deyil. Tarix bir tərəfdən millətə öz kökünü tanıdan, buraxdığı səhvləri anladan bir vasitədirsə, digər tərəfdən, bugünə hansı potensialla gəldiyini və hansı potensiala sahib ola biləcəyini göstərən bir güzgü olmalıdır. Bu baxımdan, tarix dərsliklərinin yazılması böyük məsuliyyət tələb edir. Qeyd etdiyim kimi, müəllifin özü milli şüura, ən vacibi isə fəlsəfi düşüncəyə sahib olmalıdır ki, dərsliklər hadisələrin sıralanması ilə məhdudlaşmasın, daha pis halda isə köhnə dərsliklərdəki məqalələr yenidən təzə kimi təqdim edilməsin.
-Tarixi amillər bu məsələdə hansı rolu oynayır?
-Azərbaycanın coğrafi məkanı həmişə imkan verib ki, zəngin bir tarix yaşasın. İstər orta əsrlərdə, istər sonrakı illərdə, istərsə də son iki əsrdə. Əhəmiyyətli haldır ki, zaman-zaman Azərbaycan daha böyük bir mədəni bölgənin – islam bölgəsinin, yaxud Sovet İmperiyasının üzvi hissəsi olmaqla yanaşı, həm də öz spesifik xüsusiyyətlərini qoruyan bir bölgə olub. Bu, onun həm ədəbiyyatında, həm də fəlsəfəsində özünü göstərib. Bu baxımdan, fənlərarası koordinasiya sıx olmalıdır ki, həmin dövr haqqında şagirdin, tələbənin məlumatı bütöv və tamamlanmış olsun. Ədəbiyyat tarixi, tarix də fəlsəfəni inkar eləməsin, əksinə onlar eyni dövrə fərqli baxış bucaqları olsunlar. Belə olan halda, mümkün yanlışlıq və nöqsanlar da aradan qalxar.
Elə nöqsan var ki, üzdədir, onu düzəltməklə yaranan problem də aradan qalxır. Dərsliklərdə gedən səhvlər isə özülündə, təməlində yanlışlığa yol verilən və istənilən anda uçmaq təhlükəsi yaşayan bir binaya oxşayır. Həmin təhrif olunmuş tarixi, bəsit təqdim olunmuş hadisələr silsiləsini öyrənmiş uşağın şüurunda boşluqlar qalır, yaxud nə isə korlanır və sabah onun necə bir vətəndaş olacağı böyük bir narahatlıq doğurur. Üstəlik nəzərə alsaq ki, bir vətəndaşın milli şüurunun çökməsi Dövlət üçün bir binanın çökməsindən daha böyük faciədir.

əsas linklər