
“Metsamorda qəza baş verərsə, ən böyük zərəri Ermənistanın özü görəcək”
“Ermənistana qonşu olan hər bir dövlət Metsamor stansiyasının qəzalı vəziyyətindən xəbərdardır. Lakin görünən odur ki, beynəlxalq ictimaiyyətin məsələnin ciddiliyindən xəbəri yoxdur. Çünki radiasiya sızması təhlükəsi dünya ictimaiyyətini ən çox narahat edən məsələlərdən biridir”.
Bu sözləri Newsaze.com-a Ankara Universitetinin əməkdaşı, politoloq Vurğun Həsənli Ermənistanda yerləşən Metsamorla bağlı fikirlərini şərh edərkən dedi.
“Əlbəttə, Metsamorda hər hansı qəza, hadisə baş verərsə, ən böyük zərəri elə Ermənistanın özü görəcək. Amma Ermənistanın bacarıqsız hakimiyyəti inadla bunu görmək istəmir. Seysmik zonada yerləşən Ermənistanda dağıdıcı zəlzələnin baş verməyəcəyinə dair kim zəmanət verə bilər?! Yaponiyada baş verən radiasiya sızıntısının nə qədər çətin məsələ olduğunu bütün dünya gördü. Əgər Yaponiya kimi ən son texnoloji nailiyyətləri əldə etmiş, əlində hərtərəfli imkanı olna bir ölkə bunun qarşısını ala bilmirsə, Ermənistanda baş verəcək hər hansı radioloji sızıntı ilə sözügedən ölkənin bununla mübarizə apara biləcəyi birmənalı olaraq mümkün deyil”, - deyə politoloq qeyd etdi.
Politoloq Metsamorda baş verəcək qəzanın Ermənistanın qonşuları olan Azərbaycan, Türkiyə, İran və bir çox ölkələrə meteoroloji vəziyyətdən asılı olaraq öz “təsirini” göstərəcəyini söylədi: “Bizlər o qorxunc vəziyyətlə qarşı-qarşıya qalmamağımız üçün sorunu dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirməliyik. Çünki beynəlxalq ictimaiyyət radiasiyadan qorunmaq haqqında bir çox müqavilələr və anlaşmalarla sığortalanmışdır. Bizlər də beynəlxalq ictimaiyyətin bir üzvü kimi bu müqavilə və anlaşmaların tanıdığı haqdan istifadə etməliyik. Mümkünsə, bundan sonra Metsamor stansiyasının son vəziyyəti ilə bağlı beynəlxalq konfranslar, seminarlar təşkil olunmalı və əlaqədar beynəlxalq təşkilatların məsələ ilə yaxından maraqlanmasına nail olunmalıdır”