
İran Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiyəddin Ərdəbilinin vəfatının 700 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirəcək.
Bunu İranın Milli Kitabxana və Sənədlər Təşkilatının sədri İshaq Səlahi bildirib.
Onun sözlərinə görə, artıq İran hökuməti Şeyx Səfiəddinin xatirəsinin əbədiləşdirilməsi üçün katiblik yaradıb: “Bu katiblik elmi-nəzəri konfranslar təşkil etməklə böyük alimi anacaq. Tədbirlərə İran da daxil olmaqla region ölkələrindən, Azərbaycan və Türkiyədən tədqiqatçılar dəvət edəcəyik”.
Qeyd edək ki, iyulun 16-da İranın Milli Kitabxana və Sənədlər Təşkilatı ölkənin elmi və dini şəxsiyyətlərinin iştirakı ilə mərasim keçirib. Tədbirdə Şeyx Səfiəddinin xatirəsinin əbədiləşdirilməsi üçün katiblik yaradıldığı elan edilib və höccətülislam Seyid Salman Səfəvinin “Ürfan əl-Səqəleyn” kitabının təqdimatı olub. Eyni zamanda İranın Milli Kitabxana və Sənədlər Təşkilatı ilə Şeyx Səfiəddin Təhqiqat və Mütaliələr Mərkəzinin sədrlərinin iştirakıyla anlaşma memorandum imzalanıb.
Xatırladaq ki, Şeyx Səfiəddin Ərdəbil şəhərində anadan olub. Onun məqbərəsi İranın şimal-qərbində yerləşən Ərdəbil şəhərinin tarixi və arxeoloji məkanlarından birindədir və UNESCO-nun mədəni irs siyahısına salınıb.