Azərbaycan Fotoqrafları Birliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə cari ilin mart-may aylarında “Bakı: qeyri-adi foto” adlı fotomüsabiqə keçiriləcək. İdarədən verilən məlumata görə, müsabiqə öz milli koloritinə və t

Azərbaycan Fotoqrafları Birliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə cari ilin mart-may aylarında “Bakı: qeyri-adi foto” adlı fotomüsabiqə keçiriləcək.

İdarədən verilən məlumata görə, müsabiqə öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə dünyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuş Bakının qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, habelə mədəni irsinin qorunması və təbliği, fotoqrafiya vasitəsi ilə doğma şəhərimizin müasirliyi ilə tarixilik baxımında yeniləndiyinin göstərilməsi, fotoqrafiya sənətinin incəsənətin yaradıcı növü kimi təbliğ olunması, həmçinin yeni istedadların cəmiyyətə təqdim edilməsi məqsədilə təşkil olunub. 

Müsabiqədə iştirak pulsuzdur və 16 yaşından yuxarı peşəkar fotoqraflar və foto həvəskarları iştirak edə bilərlər. Fotolar rəngli, eləcə də ağ-qara ola bilər və hər bir fotonun müəllifinin adı, soyadı, fotonun çəkildiyi yer, tarix, telefon nömrəsi, elektron ünvanı haqqında məlumatlar olmalıdır.

Fotolar Bakı ərazisində son bir il ərzində çəkilməli və elektron formada təqdim edilməlidir.

Fotomüsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır və mobil telefonlar vasitəsilə çəkilmiş və fotoredaktorda işlənmiş şəkillər, həmçinin bir müəllifdən 5-dən artıq iş qəbul edilmir.

İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək.

Fotolar mayın 1-dək konkurs@gmail.com elektron ünvanına, mövzu yerinə “fotomüsabiqə” qeyd edilməklə göndərilməlidir. Əlaqə telefonu: (012) 492-91-59.

Bütün işlər kodlaşdırılacaq və anonim şəkildə münsiflər heyətinə təqdim ediləcək.

Müsabiqəyə təqdim olunan fotolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə fəxri fərman və mükafat, həmçinin 5 nəfərə həvəsləndirici mükafat veriləcək.

əsas linklər