
“İranda seçki sonrası gözləntilər və Güney Azərbaycan amili” mövzusunda tədbir keçirilib. O qeyd edib ki, seçkidən əvvəl çoxlu vədlər verən yeni seçilən prezident Həsən Ruhanidən gözləntilər böyükdür: “İslahatların dərinləşdirilməsi ali dini liderlə toqquşdurarsa, ölkənin ağır vəziyyətdən çıxmaması deməkdir”. Politoloq nüvə məsələsində də Həsən Ruhaninin üzərinə məsuliyyətin düşdüyünü deyib: “Bu ölkədə digər önəmli məsələ isə siyasi məhbuslardır”. O, Həsən Ruhaninin Azərbaycanla bağlı atacağı addımların da müzakirə mövzusu olduğunu diqqətə çatdırıb: “Həsən Ruhani Güney Azərbaycan türklərinə verdiyi sözlərin girovuna çevrilib. Türklərin problemlərinə çalışdığı halda ölkə rəhbərliyində təmsil olunan mühafizəkar kəsimlə qarşı-qarşıya gələcək. İstənilən halda Həsən Ruhaninin həll edəcəyi problemlər çoxdur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İrandakı ictimai-siyasi vəziyyəti təhlil edərək deyib ki, 2009-cu ildə ölkədə baş verənlərdən nəticə çıxaran İran rəhbərliyi bu dəfə islahatçılara şans yaradıb: “Lakin İranda dini rəhbər prezidentin başının üzərində “Domokl qılıncı”na bənzəyir”.
Tədbirdə professor Firudin Cəlilov, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi, yazıçı-publisist Mehriban Vəzir və digərləri çıxış ediblər.
Firudin Cəlilov İran hökumətində Azərbaycana münasibətdən narahatlıq ifadə edib: “İran Azərbaycanda bütün istiqamətlər üzrə öz maraqlarına xidmət etdiyi şəkildə işləyir”.
Pənah Hüseyn bildirib ki, İrandakı son seçkilər bu ölkəyə hərbi müdaxilənin müddətini uzadıb. O, çıxışında ərəb dünyasında, regionda olan geosiyasi vəziyyəti də təhlil edib.
Sonda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən elan olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.