
Bu gün səhər saatlarından Gəncəyə qar yağmağa başlayıb.
APA-nın qərb bürosunun məlumatına görə, ötən gün yağmağa başlayan yağış bu gün səhərdən qara çevrilib.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, qar şəhər təsərrüfatında heç bir çətinlik yaratmayıb. Avtomobillərin hərəkətində də heç bir çətinlik yaranmayıb.
Kənd təsərrüfatı mütəxəssisləri qarın aqrar sahəyə, xüsusən də meyvəçiliyə mənfi təsir göstərəcəyini bildirirlər. Belə ki, bu gün səhər temperaturun -1 dərəcəyə düşməsi bölgədə çiçək açan ərik, alça və digər meyvə ağaclarının məhsuldarlığını azalda bilər.
Qar hazırda küləklə davam edir.
Gəncə ilə yanaşı, Daşkəsən və Gədəbəy rayonlarına da qar düşüb.
Azərbaycanın şimal-qərb bölgəsinə də qar yağıb. Son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə edilir.
Martın 28-i və 29-u bölgəyə gün ərzində fasilələrlə yağış yağıb. Martın 29-u axşam saatlarından yenidən küləklə müşahidə olunan yağış yağmağa başlayıb. Martın 29-dan 30-a keçən gecə isə bölgəyə yağan yağış sulu qar və qara çevrilib.
Bölgədə qar ən çox Zaqatalada müşahidə edilir.
Martın 30-u səhər saat 09:00 radələrinə Zaqatalanın dağlıq Car, Axaxdərə, Kebeloba və Yuxarı Çardaqlar kəndlərinə 6-7 sm qalınlığında qar düşüb. Rayonun düzənlik ərazilərində isə 3-4 sm qalınlığında qar müşahidə edilir.
Bölgənin Balakən, Qax və Şəki rayonlarının da dağətəyi kəndlərinə 2-4 sm qalınlığında qar yağıb. Havanın temperaturu düzənliklərdə 0 +2, dağlıq ərazilərdə -2 -4 dərəcəyə qədər aşağı düşüb.
Kənd təsərrüfatı mütəxəssislərinin verdiyi məlumata görə, yaz fəslində, ağacların tumurcuqlayan və çiçəkləyən dövründə qarın yağması müşahidə olunun haldır. Lakin havanın temperatur mənfi 4-5 dərəcədən aşağı düşərsə, erkən çiçəkləyən və tumurcuqlayan ağacların çiçək və tumurcuğunu şaxta vura bilər.
Qeyd edək ki, martın 29-dan 30-a keçən gecə bölgədə müşahidə olunun güclü külək səbəbindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarının bir sıra yaşayış məntəqələrini elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda sözügedən rayonların Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.