Ermənilərin Qarabağda törətdiyi cinayətlərlə bağlı istintaq-əməliyyat planı hazırlanıb

“Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayətlərə görə aparılan cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15 000-ə yaxın istintaq hərəkəti aparılıb”. 

ANS PRESS-in məlumatına görə, bu barədə baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Xanlar Vəliyev bildirib ki, işğal olunmuş ərazilərdə törədilən cinayət əməlləri ilə əlaqədar 296 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verilib
O qeyd edib ki, həmin cinayət işlərinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq pozmalarına və Azərbaycan Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işlərin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə həm icraatdakı, həm də istintaqı dayandırılmış cinayət işləri tərəfimizdən yenidən hərtərəfli və diqqətlə öyrənilmiş, törədilmiş cinayətlərin miqyası, xarakteri və spesifik cəhətləri nəzərə alınmaqla vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapıb. 

X.Vəliyev bildirib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənib. Hərbi Prokurorluqda Xüsusi istintaq şöbəsi yaradılıb, qeyd olunan cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib. Cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15 000-ə yaxın istintaq hərəkəti aparılıb, o cümlədən 9000-ə yaxın şəxs şahid və zərərçəkmiş qismində dindirilib, 3000-dən artıq şəxs zərərçəkmiş şəxs, 200-ə yaxın şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb, 900-dən artıq məhkəmə-tibbi, kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq və digər ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb, ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılmasına dair 400-dən artıq qərar qəbul edilib, 500-ə yaxın baxış, götürmə, maddi sübut kimi tanıma ilə əlaqədar istintaq hərəkətləri keçirilmiş, müxtəlif təşkilatlara 2000-ə yaxın sorğu göndərilib.

əsas linklər