
|
“Borçalı” İctimai Cəmiyyəti iyulun 26-da keçiriləcək “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” tədbirinə hazırlıq və Gürcüstanda yaranmış ictimai-siyasi vəziyyətlə bağlı mətbuat konfransı keçirib. Cəmiyyətin sədri Zəlimxan Məmmədli bildirib ki, artıq 5-ci ildir ki, Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında Borçalı türklərinin “Elat Mədəniyyəti Günü” adlı yaylaq festivalı keçirilir. Növbəti festival isə iyulun 26-da keçiriləcək: “Tədbirdə biz Borçalı türklərinin mədəniyyətinin mühüm hissəsi olan elat ənənələrini ortaya qoyuruq. Eyni zamanda, mədəniyyətlərin uzlaşma modelini tapmağa və mədəniyyətin nümayişinin siyasi kapital olduğu qənaətini bölüşürük. Tədbirdə elat elementlərinin nümayişi keçiriləcək, çadırlar qurulacaq, xalqımızın adət-ənənəsi, mətbəxi nümayiş etdiriləcək. Həmçinin, orada güləş və at yarışlarının keçirilməsi nəzərdə tutulur. Tədbirə Türkiyədən böyük heyət qatılacaq. Güney Azərbaycandan rəqs qrupları, Azərbaycandan isə bir qrup millət vəkilli qatılacaq. Ümumilikdə isə festivalda 10 mindən çox insan iştirak edəcək”.
Z. Məmmədli tədbirin Borçalı-türk folklorunun və unudulmaqda olan elat mədəniyyəti elementlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib: “Elat mədəniyyəti həm soydaşlarımızın bir-biri ilə, həm də türk dünyası ilə yaxınlaşması və inteqrasiyası baxımından çox əhəmiyyətlidir. Eyni zamanda soydaşlarımızın mədəniyyətlərinin təbliği, Gürcüstan cəmiyyətinə özlərinin varlığını daha yaxşı təqdim etmək baxımından faydalıdır”. |