
Ermənistan prezidenti haqlıdır. Təsəvvür edin ki, vəziyyət nə yerdədir ki, Sərkisyan bu etirafı edib. Bu barədə mən bir neçə dəfə yazmışam. Mən bu barədə öz yazımda konkret rəqəmlər də göstərmişəm.
Bu sözləri Newsaze.com-a Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov Serj Sərkisyanın Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsi ilə verdiyi açıqlamasını şərh edərkən deyib.
“Son dövrlər Ermənistandan Avropaya gələnlərin sayı durmadan artır. İmkan tapan oranı tərk etməyə çalışır. Mən burda həm də qaçqınlarla bağlı idarədə çalışıram. Çalışdığım idarədə də bunu görməmək mümkün deyil. Statistika da göstərir ki, Avropaya gələn emiqrantların içində ermənilər çoxluq təşkil edir. Başqa sözlə desək, Ermənistandan qaçanların sayı durmadan artır”,-deyə politoloq qeyd edib.
Politoloq bunun önəmli səbəblərindən birinin ordakı iqtisadi durumla bağlı olduğu ilə əsaslandırıb:
”Sərkisyan bir şeyi də düz deyir ki, ordan köçənlərin əksəriyyəti geri qayıdacaq. Ancaq onun dediyi kimi, Ermənistanda vəziyyətin düzələcəyinə görə deyil, Avropa ölkələrində ermənilərin sığnacaq almaq imkanlarının məhdudlaşdığına görə. Artıq onlar burda əvvəlki kimi kütləvi oturma izni ala bilmirlər. Avropa ölkələri gözəl anlayır ki, ermənilər daha çox öz ölkələrindəki iqtisadi duruma görə qaçırlar. Avropa ölkələri isə iqtisadi duruma görə yaşama izni vermir. Bax bu səbəbə görə ermənilər gəldikləri yerə qayıtmağa məcbur olacaqlar”,-deyə Vüqar Abbasov əlavə edib.