
|
Yaqub Mahmudovdan çağırış: “Kişilər ağlayıb qadınlaşacaqsa, Azərbaycan hara gedəcək?”
İlin elə bir ayı tapılmaz ki, xalqımızın başına müsibətlər gətirilməsin. Görünür elə buna görə də ilin bütün aylarında xalqımızın hüzn günü var və həmin tarixləri qeyd edirik. “Bu boynuqırıq qərənfillərdən, 20 Yanvardan əl çəkmək lazımdır” Tarixçi alim, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitututnun direktoru Yaqub Mahmudov Modern.az saytına açıqlamasında bildirib ki, bu məsələ Azərbaycanda ümumi şəkildə həll olunub: Bununla belə, deputat bildirib ki, xalq bütün qara günlərini ortaya qoyub ancaq onu qeyd etməklə məşğul olmalı deyil: “Xalqın tarixinin böyük qəhrəmanlıq səhifələri var. Bizim böyük dövlətlərimiz olub. Hansı xalqda Nizamilər, Füzulilər, Cavidlər var? Biz xalqımızın böyük qərəmanlıq günlərini bayram kimi qeyd edib xalqda gələcəyə nikbinlik hissi aşılamalıyıq. Bəlkə də yeganə insan mənəm ki bunu deyirəm, boynuqırıq qərənfillərdən, 20 Yanvardan əl çəkmək lazımdır. Bunu xalqın qəhrəmanlıq səhifəsi kimi təqdim etmək lazımdır. 20 Yanvarın tarixçilər və mənim üçün ibrətli cəhəti ondan ibarətdir ki, Azərbaycan xaqlı düşmənini tanıdı və ayağa durdu. Təpədən dırnağa qədər silahlanmış rus əsgərlərinin, tankın üzərinə yeridi. Bununla da böyük qələbə çaldı. Bu gün illər sonra Azərbaycan xalqının böyük qələbəsi kimi qeyd olunacaq. Bu günləri faciə kimi qeyd etdiyimiz yetər”. “Kişilər ağlayıb qadınlaşacaqsa...” Tarixçi alim bildirib ki, mahiyyət etibarilə Azərbaycan xalqına qarşı edilən irqi-ayrı seçkilik, təcavüz, məhv etmək siyasəti dünyada ikinci bir millətə qarşı yeridilməyib: “Bizi məhv etməkdən ötrü düşmənlər bütün vəhşi üsullardan istifadə ediblər. Ancaq bizim xalqımız qüdrətlidir. Onu qüdrətli edən amilləri ortalığa qoyub bayram etmək lazımdır. Mənim fikrimcə, xalqda şəhid düşmək fəlsəfəsi yaratmaq lazım deyil. Bəzən təbliğ olunur ki, şəhid düşün, adınız əbədiyyətə qovuşsun. Gəncləri o cür tərbiyə etmək olmaz. Onlara deməliyik ki, Vətənini sev, Vətəninə xor baxanın gözünü çıxar. İnsanın Vətəninə hücum edəni məhv etmək lazımdır. Böyük zirvə şəhid düşmək deyil, Vətənə qarşı olan qüvvələri məhv etməkdir. Başqa məsələ ki, bu yolda şəhid olacaqsan, qazi olacaqsan... Biz xalqımıza xor oxumağı, marşları öyrətməliyik. Koroğlu üvertürası çalınmalıdır. Xalqda düşmənə qarşı nifrət hissi oyanmalıdır. Ancaq boynu qırıq qərənfillərlə, segahla qəm dəryasına qatıl, belə olmaz. Kişilər ağlamamalıdır. Tarixdən nəticə çıxarmalıdır. Kişilər ağlayıb qadınlaşacaqsa, Azərbaycan hara gedəcək? Azərbaycan xanımına da, kişisinə də vətən sevgisi aşılamaq lazımdır”. “Hanı bizim şüarlar?” Millət vəkili deyib ki, İkinci Dünya Savaşında hər yerdə yazılırdı ki, “Faşizmə ölüm!”, “Son damla qana qədər vuruşmaq!”. “Minsk Qrupunun həmsədirlərini təlxək rolu oynayan artistlər bənzədirəm” “Prezidentin çağırı ilə hərəkət etmək lazımdır. Biz tarixi torpaqlarımıza, İrəvan ellərinə qayıdacağıq. Prezidentimiz hər yerdə bunu bəyan edib. Tarix İnstitutunda əsərlər yazılır. Buna görə zərbələr də alırıq. Prezidentimiz hər zaman bizim əməyimizi qeyd edir. Ancaq Azərbaycanın içərisində əl altından bizi təqib edirlər. Bizim dediklərimiz hamının o vaxt ürəyincə olacaq ki, hamı Vətən torpağı üçün dövlətin başçısı kimi cəsarətli olacaq. O mövqedə olacaq. Çox təəsüf ki, bir məmur rejimi var. Belə məmurların mövqeyi Prezidentin mövqeyində deyil. Mən çağırış edirəm. Hamı prezidentin çağırışının ardınca getsin. Biz təkcə Xankəndinə, Şuşaya deyil, bütün tarixi torpaqlarımıza qayıtmalıyıq. Torpaqlarımızı işğal ediblər, əlimizdən alıblar. Bunun hesabına ermənilər özlərinə dövlət yaradıblar. Bunu bütün xalq bilməlidir. Bu təkcə Tarix İnstitutunun işi deyil. Halbuki belə fəaliyyətə görə bizi qınayırlar. Deyirlər ki, ancaq bu işlə məşğul olursunuz. Bu gün Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. Bu gün ölkə başçısının ən böyük qayğısı da odur. Bu gün Tarix İnstitiutunun da ən böyük qayğısı məhz odur. Bəs, biz nə ilə məşğul olmalıyıq? Bu baxımdan xalq birləşməlidir. |