
Son günlər mətbuatda Rusiyanın Ukraynadan sonra Azərbaycana hücum edəcəyi haqqında fikirlər dolaşmaqdadır. Xüsusilə, bəzi politoloqlar Kremlin Qarabağ məsələsindən istifadə edib, ölkəmizə qarşı bir sıra hücumların təşkil ediləcəyini, bununla da Azərbaycanı öz təsir dairəsinə salacağını qeyd edirlər. Səslənən fikirlər nə qədər həqiqətə yaxındır? Bu və digər suallara ekspertlərin cavabı belə oldu. “Rusiya tərəfindən Azərbaycana qarşı hansısa hücumun və təzyiqlərin olacağını düşünmürəm”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan Rusiyanın Ukraynadan sonra Azərbaycana hücum edəcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən dedi: “Azərbaycanda Ukrayna ssenarisinin gerçəkləşməsi ehtimalı xəyaldan başqa bir şey deyil. Çünki Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı sayğı, bərabər ortaqlıq və yaxşı qonşuluq əlaqələri üzərində qurulub. Əlaqələrin təməlini bu amillər təşkil edir. Azərbaycanın Rusiya ilə ticarət anlaşmaları ilə yanaşı, xüsusilə də enerji məsələsində əlaqələri yüksək səviyyədədir. Bu gün Azərbaycanla Rusiya arasında qarşılıqlı işbirliyi davam etməkdədir və inkişaf edir. Digər tərəfdən, Azərbaycanın qərblə əlaqələri yüksək səviyyədədir və bu əlaqələrə xüsusi önəm verir. Azərbaycanda bu barədə bir narahatlığın yaşanmasını istəyən bəzi dairələrə Azərbaycan xalqı ən gözəl cavabı belə bir narahatlığın olmadığını göstərərək verməkdədir”. “Bu kimi xəbərlər yayılması təxribat xarakterlidir” Bu fikirləri isə politoloq Arzu Nağıyev bildirib: “Erməni xüsusi xidmət orqanlarının növbəti şayiəsidir. Bununla yoxlayırlar ki, hansı hazırlıqlar gedir. MDB MN-nin Baş Qərargah rəislərinin Bakıda toplantısında bu məsələyə qismən də olsun toxunulmayıb. Belə təhlükəyə heç bir əsas yoxdur. Belə şayiələrə səbəb isə, məlum olduğu kimi, Ukraynada baş verən hadisələrdir”. “Rusiyanın Azərbaycana hücum etmək kimi səsləndirilən fikirlərə münasibət bildirərək demək istərdim ki, bu, nə hüquqi baxımdan, nə də son zamanlar regionda baş verən proseslər ərəfəsində ağlasığmazdır. Unutmaq olmaz ki, Rusiyanın cənubi Qafqazda həmişə maraqları olub”. Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri, fəlsəfə doktoru Vazeh Əsgərov belə deyib. “Lakin bugünkü gündə bəzi Rusiya siyasətçilərinin dilindən eşitdiyimiz bu fikirlər bir siyasi gedişdir. Belə ki, Rusiya bu mesajlarla öz hərəkətlərinə haqq qazandırır və bu işdə israrlı olduqlarını göstərmək üçün belə fikirləri səsləndirirlər. Bundan əlavə, qeyd etməliyəm ki, Azərbaycan nə Gürcüstan, nə də Ukrayna kimi rusları qıcıqlandırmır. Azərbaycan öz müstəqil xarici siyasətini yürüdür və öz qonşuları ilə yüksək münasibtələr qurmağa həmişə hazırdır”. İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli isə Ukrayna məsələsi beynəlxalq birliyin gündəmindən çəkilməyənə qədər Rusiya başını Kremldən çıxara bilməyəcəyini vurğulayıb.