
Türkiyə parlamentinin komissiya sədri: “Qarabağ məsələsində Türkiyənin passiv qalmasından söhbət gedə bilməz”
“70 min erməninin İstanbulun Yenikapı və başqa bölgələrində qanunsuz işləməsinə göz yumuruq”
Türkiyə Böyük Millət Məclisi Konstitusiya komissiyasının sədri, AKP İstanbul millət vəkili Burhan Kuzunun APA-ya müsahibəsi
- Təxminən 20 gün əvvəl Ermənistanın baş prokuroru Türkiyədən torpaq tələb etdiklərinə dair açıqlama verdi. Beynəlxalq hüquqda bir ölkənin başqa ölkədən torpaq tələb etmə haqqı varmı?
- Bəzi dövlətlərin dəstəyini alan Ermənistan bu bölgədə hüquqa zidd olan tələblər irəli sürür. Elə isə Ermənistanın vəhşiliyi ortadadır: Azərbaycan Türklərinə qarşı soyqırım həyata keçirib.
Bu məsələdə təəssüf ki, Avropa lazımi addımları atmadı və Fransanın da içində olduğu 5 ölkədən ibarət komissiya yaradıldı, o komissiya bu günə qədər səfeh-səfeh işlərlə məşğul oldu və nəticədə qərar da qəbul etmədi. Biz qonşularla münasibətlərimizin yaxşı olmasını deyirik, ancaq bu yaxşılıq onların hər tələbini yerinə yetirmək mənasını daşıya bilməz. 1915-də ruslarla birləşərək Osmanlı imperiyasını parçalamaq istəyəndə Şərq bölgələrimizdə zərər görən erməni vətəndaşlarımız olub, ancaq o vaxt zərər görənlər təkcə erməni vətəndaşları olmayıb, hamı zərər görüb.
O dövrdə baş vermiş hadisələri “soyqırım” kimi qələmə vermək istəyənlərdən soruşuram: əgər Osmanlı dövləti “soyqırım” həyata keçirmişdisə, niyə İstanbulun ən yaxşı yerlərində yaşayan və sərmayə sahibi olan heç bir erməninin burnu qanamadı? Əgər “soyqırım” olsaydı, biz onları rahatlıqla öldürə bilərdik. Demək ki, məsələ o deyil. Məsələ bundan ibarətdir ki, ermənilər bizim savaş vəziyyətində olduğumuz bir ölkə ilə gizli əməkdaşlıq edib vətənə xəyanət durumunda olduqlarına görə imperatorluğu idarə edənlər onları başqa bölgələrə göndərdi və yolda müxtəlif səbəblərə görə tələf olanlar oldu. Ona görə də onların bizdən torpaq tələbini mən heç bir məntiqə sığışdıra bilmirəm. Haranı istəyir, nə qədər istəyir, niyə istəyir? Heç bir mənası yoxdur. Məncə, bunun arxasında yeni bir problem yaradıb 1915-ci il hadisələrini bizə “soyqırım” kimi qəbul etdirmək niyyəti durur. İşin mahiyyəti budur.
Amma onlara tövsiyə edirəm ki, 1915-ci ilə getməsinlər, işğal altında saxladıqları Qarabağ məsələsinə gəlsinlər. Əsas oraya diqqəti cəlb etmək istəyirəm. Əvvəlcə Ermənistan onun hesabını versin. Hazırda təxminən 70 min erməni İstanbulun Yenikapı və başqa bölgələrində işləyir. Onların çoxu burada qanunsuz işləyir və yaşayır. Biz humanist davranaraq bunlara göz yumuruq. Dövlətdən kənar şəkildə bizim ermənilərə yazığımız gəlir. Ermənistan dövlətini idarə edənlərin bu cür yersiz və mənasız tələbləri gərginliyə səbəb olacaq, bunu istəyirlərsə, tələb verməyə davam etsinlər.
- Siz Türkiyə Böyük Millət Məclisindəki təcrübəli millət vəkillərindən biri və beynəlxalq hüquq üzrə tanınmış mütəxəssissiniz. Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarından qeydsiz-şərtsiz çıxması üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, ancaq Ermənistan o qətnamələrə məhəl qoymadığı kimi, beynəlxalq ictimaiyyət də Ermənistan üzərində lazımi təzyiq mexanizmini yaratmır. Sizcə, BMT Təhlükəsizlik Şurasının qərarları niyə icra edilmir?
- Əsas problem ondan ibarətdir ki, BMT-nin sanksiya gücü çox zəifdir. İsraillə bağlı verilmiş yüzlərlə qətnamə var, ancaq İsrail heç birinə əməl etmədi. Məncə, qərarların icrası üçün BMT-yə sanksiya gücü verəcək olan mexanizmin hazırlanması lazımdır. Əgər bu olmursa, onda problemlərin qarşılıqlı müzakirələrlə həll edilməsinə üstünlük vermək lazımdır. Deyəsən, Qarabağ probleminin həlli üçün yaradılmış Minsk Qrupunu daha təsirli vəziyyətə gətirmək ola bilər. Beynəlxalq hüququn qaydaları var, ancaq təəssüf ki, sanksiya gücü olmayanda qaydaların icrası mümkün olmur. Güclü sanksiyalar olmalıdır. Yoxsa hər yerə NATO-nu, BMT qüvvələrini göndərmək mümkün olmaz.
- Tarixə baxanda görürük ki, Türkiyə Qafqaz bölgəsində həmişə sülhsevər missiya həyata keçirməyə çalışıb və bunun üçün bu gün də qüvvəsini əsirgəmir. Amma buna baxmayaraq, bu günlərdə Ermənistan parlamentinin vitse-spikeri dedi ki, Türkiyə Qarabağ məsələsinə qarışmasın. Sizcə, belə bir şey mümkün ola bilərmi?
- Olmaz. Çünki Azərbaycan bizim qardaşımızdır, biz qonşularımızla da aramızın yaxşı olmasını istəyirik. Biz həmişə haqqın tərəfindəyik. Qarabağ və Xocalı soyqırımında dünya erməni vəhşiliyini gördü. Bu məsələlərdə erməniləri haqlı çıxaracaq nə var? Türkiyə bölgədə böyük bir qüvvədir, ona görə də Türkiyə olmadan bölgədə heç bir problem həll edilməz. Bölgədəki bütün ölkələr problemlərin həllində bizdən daha aktiv rol tələb edərkən bizim passiv qalmağımız mümkün deyil.