İranda həbsdə olan azərbaycanlı siyasi fəal barəsində hökm oxunub

 Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi Arəş Məhəmmədiyə 6 ay həbs cəzası verilib. Solçu tələbə fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. A. Məhəmmədi hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının maliyyə bölümündə saxlanılır. Bu məhbəsin xüsusi hakimi Qadir Nəccar azərbaycanlı tələbənin siyasi məhbuslarla eyni bənddə qalmaq istəyini rədd edib. Məhkəmə iyulun 10-də keçirilsə də, ancaq hökm ona iyulun 21-də zindanda elan edilib.

 

Qeyd edək ki, Arəş Məhəmmədi Əmir Nəzəri və Əfşin Cəmşidi ilə birlikdə bu il iyunun 15-də Təbrizdə İranda prezident seçkilərinin nəticələri məlum olduqdan sonra xalqın küçələrdə çıxaraq qələbə sevincini qeyd edən zaman İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı təhlükəsizlik qüvvələri tərəfindən həbsə alınıb. Ə. Cəmşidi və Ə. Nəzəri iki gün sonra 10 milyon zəmanətlə azadlığa buraxılıb və məhkəmə prosesinin başqa tarixdə keçiriləcəyi bildirilir. A. Məhəmmədi qeyri-qanuni həbsinə və tutulan zaman döyülməsinə etiraz əlaməti olaraq 9 gün aclıq aksiyası da keçirib. Onun istintaq prosesi zamanı da işgəncələrə məruz qaldığı bildirilir. Bundan əvvəl A. Məhəmmədi 2011-ci il noyabrın 3-də qardaşı ilə birlikdə həbs edilib. Azərbaycanlı siyasi fəal 66 gün həbsdə saxlanıldıqdan sonra Təbriz İnqilab Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib. A. Məhəmmədi 2012-ci il sentyabrın 15-də barəsindəki məhkəmə hökmünün icrası üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb, daha sonra 2013-cü il yanvarın 10-da şərti azadlığa buraxılıb.

əsas linklər