
Azərbaycanın dünyada artan nüfuzu isə bu gün Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda Azərbaycan və Amerika siyasətçilərinin müzakirə mövzusu idi. Dünyanın bu çətin siyasi dönəmində rəsmi Bakının regionun güclü dövlətinə çevrilməsinin səbəblərini və dünya siyasətçilərinin buna yanşmasına nəzər yetirək.
ANS-in Vaşinqton bürosunun məlumatına görə, artıq ənənə halını almaqda olan ABŞ-Azərbaycan konvensiyası ABŞ paytaxtında növbəti çagırışına toplanır.
İlk dəfə 2 ölkə arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə Vaşinqtonda təşkil olunan konvensiyanın sayca 3-cü toplantısı hökumət və parlament üzvləri, biznes dairələrinin nümayəndələri, beyin mərkəzlərinin təhlilçilərini bir araya getirir. Konvensiya 2 ölkə arasında mühüm strateji dostluq əlaqələrini daha da inkişaf etdirmək əzmini nümayiş etdirir.
Konqresmen Stiv Stokman deyir ki, biz dost olmuşuq, indi də dostuq: “Azərbaycan dünyanın bir çox ölkəsinin enerji problemi üçün çıxış yolu təklif edir. Bizim dostluğumuzdan digər ölkələr də qazanmış olurlar. Bu, vacib bölgədə olan vacib dostluqdur və bir yerdə biz onu daha da gücləndirə bilərik. Vacib olan odur ki, sizin burda, ABŞ-da dostlarınız var.”
Azərbaycan nümayəndə heyətinin üzvləri razılıqla qeyd edirlər ki, ötən bir il ərzində birgə göstərilən səylər nəticəsində ABŞ ştatlarının parlamentlərində Azərbaycanla bağlı, yeni qətnamələr qəbul olunub. ABŞ Konqresinin özündə isə Azərbaycanla dostluq qrupunun cərgələri bir az da yüksələrək, sayı 64-ə catıb. Azərbaycan parlamentinin üzvləri həqiqəti əks etdirən sənədlərə səs verdiklərinə görə, Amerikalı həmkarlarına minnətdarlıq ifade edirlər.
Millət vəkili Asim Mollazadə bildirib ki, Amerika Birləşmiş Ştatların 17 ştatında Xocalı ilə bağlı, təqribən 26 ştatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, həm senatlarda, həm də təmsilçilər palatasında müvafiq qətnamələr qəbul edilib: “Bunun mahiyyəti Amerika ictimaiyyətinin həqiqətləri daha yaxşı öyrənməyi və bizim əməkdaşlığımızın güclənməyidir. Belə konqreslərin keçirilməyi bizə bilavasitə “biz sizinlə nə üçün dost və müttəfiqik” mesajlarını çatdırır”.
Azərbaycanda dini tolerantlıq mövzusunun müzakirə etmək üçünsə, Azərbaycanın müsəlman, pravoslav, katolik və yəhudi icmalarının nümayəndələri tədbirə qatılırlar.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə qeyd edib ki, baxmayaraq ki, söhbət 2 dövlət arasında yüksək dərəcəli enerji əlaqələri, siyasi əlaqələr, dövlət əlaqələri, insan əlaqələri və vicdan azadlığı əlaqələri, amma burda senatorların çoxları çıxışlarında bir daha enerji və siyasi əlaqə ilə bərabər, həm də dini tolerantlığın və dini münasibətlərin Azərbaycanda düzgün qurulması daha çox gözə çarpdı və misal gətirdilər. "Bu, məni 20 ildən yuxarı Şeyxislam kimi sevindirir. Mən öz gördüyümün bəhrəsini görürəm”.
Konvensiya istirakçılarından birinin zarafatla qeyd etdiyi kimi, Azərbaycan regiona neft və qaz ixrac etməklə yanaşı, dini tolerantlığ ixracı ilə də məşğul ola bilərdi.