
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur bir daha Urmu gölü böhranından danışıb.
O bildirib ki, “İranda 11-ci yönətim hökumət başına gələrkən Urmiyə gölünün 70%-i qurumuşdusa, indi göldə cəmi 6% su qalıb.” Millət vəkili Urmiyə gölünün xilası istiqamətində işlərin zəif aparılmasını tənqid edib, az miqdarda da olsa, suyun bir yerə yığılaraq, gölün qorunmasının vacibliyini vurğulayıb: “Əlbəttə, faydalı iclaslar keçirilir, vəsait sərf edilir, bölgədəki əkinçiliyə son qoyulması ilə bağlı plan cızılır. Qərbi-Azərbaycanda minlərlə insanın işləyə biləcəyi fabriklər yoxdur. Yerli əhalinin işi əkinçilik və heyvandarlıqdır. Ona görə də bu planın xeyri yoxdur.” Qeyd edək ki, bu neçənci dəfədir dövlət rəsmiləri qurumaq təhlükəsin ilə üz-üzə olan Urmu gölünün nicatı uğrunda heç bir əməli işin görülmədiyinə dair etiraf edirlər. Ruhani yönətimi isə bütün vədlərə rəğmən hələ ki, nə Azərbaycan xalqını və nədə digər çağırışları eşitmək niyyətində deyil!