
“İran bütün ölkələr arasında sülh və dostluğun bərqərar olması üçün regionda baş verən proseslərdə müsbət rol oynamağa hazırdır”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran bu istiqamətdə öz səylərini əsirgəməyəcək: “İran həmişə bölgədə sülh, sabitlik və əməkdaşlığa nail olmağa səy göstərir və münaqişəyə ehtiyac yoxdur”.
Nazir qeyd edib ki, İranla Ermənistan arasında xeyli möhkəm və dərin mədəni əlaqələr mövcuddur: “İki ölkə arasında əlaqələr həmişə qarşılıqlı hörmət və ortaq maraqlar əsasında olub. Eyni zamanda İranla Ermənistanın beynəlxalq arenada da mövqeləri bir-birinə yaxındır. Biz Ermənistana beynəlxalq arenada İrana verdiyi dəstəyə görə minnətdarıq. Biz bu gün ikitərəfli əlaqələrin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi apardıq. Biz siyasət, iqtisadiyyat, mədəniyyət və parlamentlərarası əməkdaşlıqdan danışdıq, eləcə də nəqliyyat, enerji və bank sektoru da daxil olmaqla ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi yollarını müzakirə etdik. Mən iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf edəcəyinə şahid olacağımıza ümidvaram”.
M. C. Zərif vurğulayıb ki, Ukrayna və Suriyadakı böhranlar da daxil olmaqla, digər mühüm qlobal problemlər görüşün əsas müzakirə mövzularından biri olub: “Hər iki tərəfin də mövqeyi üst-üstə düşür və bütün hallarda problemlərin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün prosesləri izləyəcəyik”.