
İranda səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu ölkənin prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib. APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər müzakirə olunub.
H. Ruhani bildirib ki, İranla Ermənistan arasında ortaq tarixi, mədəni əlaqələr və adət-ənənələr var: “İqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq və əlaqələrin səviyyəsi daha da genişləndirilməlidir”.
İran prezidenti deyib ki, beynəlxalq və regional qurumlarda iki ölkə arasında yaxşı əməkdaşlıq mövcuddur: “İran hesab edir ki, ölkələr arasında mövcud olan fikir ayrılıqları siyasi dialoq yolu ilə həll edilməlidir. Sülh, sabitlik və təhlükəsizlik regionun bütün ölkələrinin maraqlarına uyğundur. İran da həmişə bu regionda sülh və sabitliyin bərqərar olması üçün addımlar atıb. Bizim proqramımızda bütün dünya ölkələri, xüsusilə bölgədəki və qonşuluqdakı ölkələri ilə xarici əlaqələr sahəsində daha yaxından və konstruktiv əməkdaşlıq mühüm yer tutur”.
E. Nalbandyan Ermənistan prezidenti Serj Sarkisyanın məktubunu iranlı həmkarına təqdim edərək iki ölkə arasında mədəniyyət, təhsil, enerji, nəqliyyat, qarşılıqlı səfərlər, görüşlər kontekstində yaxşı əlaqələrin mövcud olduğunu və bunun da qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün effektiv rol oynadığını vurğulayıb.
Nazir İrana Qafqaz regionundakı məsələlərlə bağlı mülayim mövqeyinə görə təşəkkürünü bildirib: “Ermənistan və İran arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq mövcuddur. Eyni zamanda rəsmi İrəvan həmişə Tehranın mövqeyini müdafiə edib. Ermənistan həmçinin İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrini dəstəkləyir və əldə olunmuş nəticədən xeyli məmnundur”.