
Kaliforniya ştatının dövlət yığıncağı (parlamenti) mayın 8-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması haqqında qətnamə qəbul edib.
ANS-in məlumatına görə, bu xəbəri Ermənistan mətbuatı yayıb. 32 nömrəli qətnamə ilə Kaliforniya dövlət yığıncağı Qarabağın müstəqilliyini 70% lehinə olmaqla qəbul edib.
Kaliforniya ştatının dövlət yığıncağı qərarı qəbul etməklə bərabər ABŞ Konqresini də Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyib. Kaliforniya parlamentinin üzvü demokrat Mayk Qattonun sözlərinə görə, Kaliforniya Dağlıq Qarabağın müstəqilliyini tanımış ən sıx məskunlaşmış subyekt olub. 
"Bu qətnamənin hazırlığı zamanı yerli erməni icmasının liderləriylə işləmək mənim üçün şərəf idi", - deyə Qatto bildirib.
"Biz kaliforniyalılar həmişə bizim ştatımızın mövqeyiylə fəxr edirik. Hansı ki, demokratiya və öz müqəddəratını təyin etməkdə millətlərin hüquq prinsiplərinə əsaslanır", - deyə Amerikanın Erməni Şurasının sədri Xaçaduryan Sevak bildirib.
Qeyd edək ki, Kaliforniya Dağlıq Qarabağın müstəqilliyini tanıyan beşinci ştat olub. Bundan öncə Men, Masaçusest, Rod-Aylend, Luiziana ştatları bu barədə qərar qəbul etmişdilər.