
Əli İsgəndərov: “Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının bu şəkildə verilməsi kobud surətdə qanunlarımıza qarşı açıq saymazlıqdır” “VEKTOR” Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin Təşkilat Komitəsinin sədri, analitik Əli İsgəndərovun müsahibəsi - Əli bəy, son günlər Bakıda Rusiya səfirliyi tərəfindən rus dilli əhaliyə pasportların paylanması ilə bağlı xəbərlər yayılıb. Bu haqda nə deyə bilərsiniz? - Rusiyanın rus dilli əhali adi ilə digər ölkə vətəndaşlarına RF vətəndaşlıq pasportlarının paylanmasının yalnız bir rasional açıqlaması var. Gələcəkdə vətəndaşlarını qorumaq adı ilə həmin ölkələrə hüquqi, siyasi təzyiq, məqam yetişdikdə hərbi müdaxilə etməsi üçün zəmin yaratmaq xarakteri daşıyır. Dövlətlərin mənəvi və hüquqi dayaqlarına sayğısızlıq göstərilir. Vətəndaş ölkənin bir nömrəli sərvətidir, hüquqi dövlətlərdə hakimiyyətin mənbəyi xalqdır. - Axı bu, Azərbaycan Konstitusiyasında qadağan olub... - Bu, Azərbaycan Konstitusiyasında açıq şəkildə əksini tapıb. Vətəndaşlıqla bağlı bizim qanunvericilikdə ikinci bir amil də ikili vətəndaşlığa icazə verilməməsidir. Odur ki, hər rakusdan Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının bu şəkildə verilməsi kobud surətdə qanunlarımıza qarşı açıq saymazlıqdır. - Rəsmi Bakı nə etməlidir? - Hesab edirəm, Azərbaycanda yaşayaraq Rusiya pasportunu alan kəslərlə bağlı tədbirlər planı görülməli, bunun mexanizmləri əlaqədar hakimiyyət qurumları tərəfindən hazırlanmalıdır. İmtiyazlar, mülkiyyət və seçki hüquqları və s. vacib arqumentlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan vətəndaşları Rusiyada müvəqqəti miqrant qismindədir, RF qanunlarına əsasən işçi vizası və oturum izni olmayanlar 3 aydan artıq ölkədə qala bilməz. Eyni zamanda, bizim ölkədə də beynəlxalq hüquq normativləri və aktlarına uyğun RF vətəndaşları müvəqqəti gəlib-getmə və hər hansı fəaliyyətlə məşğul ola bilər. Bir də sual edilə bilər: “Rus dilli əhalini özününkü sayırsansa, illərdi Rusiyada miqrant kimi yaşayıb iş quran, bununla da az, ya çox işçi yeri açmış miqrantlara təklif elə. Onlar haqqında səmərəli qanun layihəsi qəbul et. Həmçinin vətəndaşlıq pasportları paylamaqla, buyur, onlar mənzil, iş yerləri ilə təmin olunsun. Daha başqa ölkənin işində nə işin var?”