
İranda 3 azərbaycanlı fəal Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsinə çağırılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi ifadə vermək üçün avqustun 3, 4 və 5-də məhkəmədə olmalıdırlar. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Hər üç fəal Azərbaycan dili, mədəniyyəti və musiqisinin yayılması uğrunda apardıqları dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulublar. Belə ki, R. Rzayi 2011-ci il sentyabrın 7-də həbs edilərək İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şəhərindəki təcridxanasına göndərilib. Y. Dəşti və Ə. Hidayəti isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktor” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş qarşılaşma zamanı həbsə alınaraq ETTELAAT-ın Miyandab (Qoşaçay) şəhərindəki təcridxanasına göndəriliblər. Bundan əlavə, bir neçə gün öncə 5 nəfər məhbus yoldaşı ilə birlikdə heç bir dəlil olmadan və saxta ittihamlarla Tehranın Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kamerasına salınan azərbaycanlı jurnalist Səid Mətinpur zindanın 350-cı bəndinə geri qaytarılıb. Onun sağlıq durumunun yaxşı olmadığı və buna səbəb kimi də qidalanmamağı göstərilib. Qidalanmamağına səbəb olaraq da aclıq aksiyası və ya qarın ağrısı qeyd edilib. Azərbaycanlı fəal Əmir Xosrov Dəlirsani, Hutən Dövləti, Siyamək Qadiri, Məhəmməd İbrahimi və İbrahim Babayi ilə birlikdə iyulun 16-da Tehranın Evin həbsxanasının 350-ci bəndində piket keçirərək. məhbus yoldaşları doktor Əli Nəzərinin Zabul zindanına sürgün olunmasına etiraz ediblər. Həbsxana məmurları isə buna cavab olaraq həmin məhbuslara 20 gün cəza veriblər və zindanın 240-cı bəndindəki təkadamlıq kameralara yerləşdiriblər. Ancaq iyulun 18-də Tehranın Evin həbsxanasının 350-ci bölümündə saxlanılan 6 vicdan məhbusu - Rza Şahabi Zəkəriyyə, Firidun Seydərad, Suruş Sabit, Səid Haəri, Vəhid Əli Qulipur və Səid Cəlalifər S. Mətinpura dəstək məqsədilə aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəal 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. S.Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib. Eyni zamanda bu il iyunun 12-də həbs olunmuş və 40 günə yaxın ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında təkadamlıq kamerada saxlanılmış azərbaycanlı fəallar Bəhram Axuni və Nasir Kazımpur Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüblər. Onların nə qədər həbsdə qalacaqları və ya ittihamları ilə bağlı heç bir məlumat verilmir. Onlarla birlikdə tutulmuş Məcid Səfidani isə hazırda ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında saxlanılır. Bundan əlavə, azərbaycanlı tələbə fəal Mehdi Həmidi Şəfiq iyulun 22-də Təbriz şəhərinin mərkəzi həbsxanasından ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasına köçürülüb. O, 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində keçirilmiş iftar mərasimində Urmiya gölündəki ekoloji fəlakəti müzakirə edərkən 30-a yaxın azərbaycanlı fəalla birlikdə həbsə alınıb. Daha sonra M. Şəfiq 2 il 3 ay həbs cəzasına məhkum edilib.