Rusiya nefti BTC-də

Rusiya ötən əsrin 90-cı illərinin sonlarında bütün mümkün vasitələrdən istifadə edərək qarşı çıxdığı Bakı-Tiflis-Ceyhan neft kəməri ilə neft nəqlinə başlayıb. Bu barədə “Reuters” agentliyi xəbər verir.

ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, Rusiyanın ən iri özəl neft şirkəti “Lukoil” Xəzərin Rusiya şelfindən hasil etdiyi neftin bir hissəsini BTC ilə nəql etməyə başlayıb. Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

İndiyə qədər “Lukoil” Xəzərin şimal hissəsindən hasil etdiyi nefti tankerlərlə Mahaçqala limanına nəql edirdi. Oradan isə neft “Transneft” şirkətinin magistral neft kəmərlərinə, konkret olaraq Mahaçqala-Novorosiysk kəmərinə vurulurdu. Lakin indi “Lukoil”un neft tankerləri Bakı limanına doğru istiqamət alıb. “Biz artıq Yuri Korçaqin yatağından hasil olunan neftlə dolu ilk tankeri Bakıya yola salmışıq. Neft BTC kəməri ilə nəql olunacaq”, - deyə “Lukoil”un təmsilçisi agentliyə bildirib. Şirkət rəsmisi marşrutun dəyişməsinin səbəblərini açıqlamayıb.

Bununla belə agentlik ticari dairələrdəki qaynaqlara istinadən xəbər verir ki, “Lukoil”un treyderi olan “Litasco” şirkəti ARDNŞ-lə Xəzərin şimal hissəsindəki Yuri Korçaqin yatağından hasil olunan neftin ayda 20 min tonunun BTC ilə nəqlinə dair müqavilə bağlayıb. Müqavilə bu ilin sonunadək qüvvədə olacaq. “Dünən ilk tanker Mahaçqaladan Bakıya yola düşdü, hələlik SOCAR-a ayda 20 min ton neft satmaq planlaşdırılır. “Transneft”lə nəql edilən neftin həcmi ilə müqayisədə bu çox deyil, ancaq yaxşıdır”, - deyə situasiya ilə tanış olan mənbə “Reuters”ə bildirib.

Bildirilir ki, razılaşmaya əsasən SOCAR “Lukoil”un neftini Mahaçqala limanında təhvil alır, orada yükün gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Daha sonra yük Bakı yaxınlığındakı Səngəçal terminalına gətirlir və oradan BTC-yə vurulur.

Xatırladaq ki, Rusiya neftinin BTC ilə nəqli ideyası ilk dəfə ötən ilin avqustunda prezident Vladimir Putinin Bakıya səfəri zamanı gündəmə gəldi. Həmin səfərdə Putini müşaiyət edən Rusiya dövlət neft şirkəti “Rosneft”in prezidenti İqor Seçinlə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında aparılan danışıqlardan sonra elan edilmişdi ki, Bakı-Novorosiysk neft kəmərinin revers istifadəsi imkanları nəzərdən keçirilir. Həmin vaxtlar ARDNŞ Bakı-Novorosiysk kəməri ilə neft nəqlinə dair müqavilənin müddətini uzatmaq istəmirdi və işarə edirdi ki, 2015-cü ilin yanvarından etibarən bu kəmərlə neft nəqlini dayandıracaq.

“Rosneft” prezidenti İqor Seçin isə jurnalistlərə açıqlamasında ilk dəfə Bakı-Novorossiysk kəmərinin revers istifadəsinin mümkünlüyü haqda danışdı. Daha sonra proseslər qəribə və müəmmalı mahiyyət kəsb etməyə başladı. Ötən ilin noyabrında “Rosneft”in direktorlar şurasının məxfi iclası keçirildi və mətbuata sızdı ki, toplantıda bir məsələ müzakirə olunub. Bakı-Novorossiysk kəmərinin revres istifadəsi. Yəni “Rosneft”in hasil etdiyi neftin bir hissəsinin bu kəmərlə Bakıya, oradan BTC-yə nəqli.

Lakin Rusiyanın magistral neft-qaz kəmərlərini idarə edən “Transneft” şirkətinin prezidenti, KQB generalı, Putinin dostu Nikolay Tokarev bu ideyaya qarşı idi. Tokarev Rusiya mətbuatına açıqlamalarında bildirdi ki, Bakı-Novorossiysk kəmərinin revers istifadəsi “Transneft”lə müzakirə olunmayıb və ümumiyyətlə bu qeyri-ciddi ideyadır. Rusiyanın enerji çevrələrindəki mənbələr N.Tokarevlə İ.Seçin arasında maraq toqquşması barədə danışırdı və belə görünürdü ki, “Rosneft” prezidenti Dağıstanın yerli klanları üçün yaxşı gəlir mənbəyinə çevrilmiş Mahaçqala neft terminalının və limanının bağlanmasında maraqlıdır. Belə ki, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinin dayanması elə bu limanın işsiz qalması demək idi. Məlumatlar var idi ki, “Rosneft” BTC ilə neft nəqlinə dair olduqca sərfəli təklif alıb.

Beləliklə, Rusiya neftinin BTC ilə nəqli məsələsi (söhbət Bakı-Novorossiysk kəmərinin revers istifadəsindən gedir) o vaxt elə ideya olaraq qaldı. ARDNŞ isə bu ilin əvvəlində kəmərlə neft nəqlinə dair yeni müqavilə imzalamayacağını və Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin BTC-yə yönəldiləcəyini rəsmən elan etdi. “Transneft” şirkəti də elan etdi ki, ARDNŞ yeni müqavilə üçün danışıqlar aparmaqdan imtina edib.

Ona görə də N.Tokarevin şirkəti kəmərin Mahaçqala-Şirvanovka (Azərbaycan sərhədi) hissəsini konservasiya etməyə, yəni bağlamağa başladı. Kəmərin bu hissəsinə inert qazının vurulması yoluyla konservasiyası başa çatmaq üzrə idi ki, situasiya qəfil dəyişdi. Gözlənilmədən “Transneft” açıqladı ki, ARDNŞ fikrini dəyişib və Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair yeni müqavilə imzalamağa hazırdır. Ardınca tərəflər sürətlə yeni müqavilənin şərtlərini razılaşdırdılar və fevralın 18-də ARDNŞ-lə “Transneft” bu müqaviləni rəsmiləşdirdi. Bu müqaviləyə əsasən ARDNŞ Rusiya üzərindən ildə 1.5 milyon ton neft nəql edəcək.

Bununla da Rusiya neftinin BTC ilə nəqli gündəmdən çıxmış hesab oluna bilərdi. Ancaq indi situasiya yenidən dəyişib. Bu dəfə məlum olub ki, “Lukoil” Xəzərdən hasil etdiyi neftin bir hissəsini BTC ilə nəql etməyə başlayıb və söhbət ayda 20 min ton neftdən gedir. Bu, elə də böyük həcm deyil, ancaq istənilən halda simvolik məna daşıyan tarixi hadisədir. Ən azından çox da uzaq olmayan keçmişdə Rusiyanın BTC kəmərinin çəkilməsinin qarşısını almaq üçün Azərbaycana hansı təzyiqlər etdiyi nəzərə alınarsa. Bəs BTC ilə Rusiya neftinin axmasının arxasında siyasətin, yoxsa kommersiya maraqlarının rolu daha böyükdür? Rusiyanın iri neft oliqarxları İqor Seçin, Nikolay Tokarev və Vahid Ələkbərovun maraqlar toqquşması bu sövdələşmədə nə dərəcədə rol oynayıb? Bu suallar hələlik açıq qalır...

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə virtualaz.org və haqqin.az saytlarına açıqlamasında məsələnin kommersiya tərəfinə diqqəti cəlb edərək deyib ki, bununla ARDNŞ bu il BTC-yə Azərbaycan mənşəli olmayan əlavə 150 min ton Xəzər nefti cəlb etmiş olur. Ekspertin sözlərinə görə, Rusiyanın BTC ilə nəql edəcəyi neftin həcmi elə də böyük deyil. “Müqayisə üçün deyək ki, Qazaxıstan BTC ilə ayda 300 min ton neft nəql edir, Türkmənistan isə bundan bir qədər az neft göndərir. Ancaq məsələ həcmdə deyil. Rusiya neftinin cəlb olunması elə nailiyyətdir ki, bu barədə çoxları ancaq xəyal edə bilərdi. İkincisi bu fakt göstərir ki, mineral ehtiyatlarına görə ciddi mübarizə meydanına çevrilmiş Xəzər indi əməkdaşlıq dənizinə çevrilir”, -deyə İ.Şaban bildirib.

Ekspert vaxtilə Rusiyanın və bəzi digər Xəzəryanı ölkələrin BTC-yə qarşı çıxdıqlarını xatırladıb. Onun sözlərinə görə, indi Rusiyanın öz neftini BTC ilə nəql etməyə başlaması göstərir ki, bu layihə heç də siyasi deyildi və bütün region ölkələrinin öz nəql marşrutlarını şaxələndirməsinə imkan verən, təkcə Qərbin yox, hamının maraqlarına xidmət edən layihə idi.

İ.Şaban hesab edir ki, digər Xəzəryanı ölkələrin öz neftini BTC ilə nəql etməsi regionda hələ uzun illər iqtisadi sabitliyin başlıca vəzifə olacağını göstərir.

əsas linklər