
Faiq Qəzənfəroğlu: “Ziyalılıq zəmaynəyə uyğunlaşmaq, yəni kor-koranə məddahlıq və yaltaqlıq formasında olmamalıdır”
Bu yaxınlarda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” (II hissə) adlı monoqrafiyası nəşr olunub.
Milli ideologiya, milli ideya, milli kimlik, milli şüur, milli əxlaq və s. sahələr üzrə araşdırmalar aparan müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı “mollanəsrəddinçilik”, milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirib.
Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb.
Özəlliklə milli ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülüb. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilib. F.Qəzənfəroğlu ilə söhbətimizdə məhz bu məsələlərlə bağlı oldu.
- Milli ideologiya mövzusuna müraciət etməyinizə səbəb nə oldu?
- Ötən 20-22 il ərzində Azərbaycan türkləri, azərbaycanlılar milli ideyanın müəyyənləşməsi baxımından ziddiyyətli bir prosesin içində olmuşlar. Belə ki, ilk dövrlərdə daha çox türkçülük və müəyyən qədər də islamçılığın təsiri altında olan Azərbaycan xalqı sonralar azərbaycançılığa, hətta ideologiyasızlaşdırmağın bir növü olan “vətəndaş cəmiyyəti”nə meyl etməyə başlamışlar.
Hazırda isə, demək olar ki, bu ideyaların hər biri az və ya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutmuşdur. Ancaq bunun özü də, zənnimizcə, nisbi xarakter daşıyır. Buna səbəb də, yuxarıda da qeyd etdiyimiz kimi, əksər azərbaycanlıların şüurunda sovet ideologiyasının tamamilə inkar edilməməsi və əvəzində yeni ideyaların birmənalı şəkildə özünyə yer tapa bilməməsidir. Bu mənada, fikrimizcə, müstəqillik dönəmində az sayda azərbaycanlılar birmənalı şəkildə hansısa ideyaya tapınıblar və ondan üz döndərmək fikirləri də yoxdur.
Çağdaş dövrdə milli ideologiya problemi ilə bağlı şüurlarımızda tərəddüd etməyimizin başlıca səbəblərindən biri Azərbaycan xalqının ayrı-ayrı təbəqlərində, o cümlədən düşünən beynində kifayət qədər ziddiyyətlərin olmasıdır. Bu ziddiyyətlərin kökləri nədir? Bizcə, milli ideolgiya məsələsinə Sovetlər Birliyi dövründə yaşamış insanların bir, yeni nəslin isə ondan fərqlənən digər baxışları var. Biz istəsək də, istəməsək də bu bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə yaşayıb və “sovet beynəlmiləlçiliyi” təhsili alıblar.
Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli ideologiya anlayışlarına özünəməxsus münasibətləri vardır. Bu münasibətdən dolayı onları ittiham etmək əsasən doğru deyildir. Yeni nəslin isə pis-yaxşı, milli ideologiya probleminə onlardan fərqli baxışı var. Bu o demək deyil ki, hökmən yeni nəsil və sovet nəsli hansısa məsələlərdə hökmən ya razılaşmalı, ya da inkar yolu tutmalıdır. Fikrimizcə, burada əsas olan ilk növbədə, ortaq nöqtələrin tapılması və uzlaşdırmaların olmasıdır.
Hər halda, son illərdə milli ideologiyaya marağın artması göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək, əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər. Ancaq bunun üçün ilk növbədə, Azərbaycan xalqında milli şüur formalaşmalıdır. Milli şüur formalaşmadan milli ideologiya sahəsində ciddi uğurlar əldə etmək çətindir.
Bu mənada, çağdaş dövrdə Azərbaycanda milli şüur məsələsindən bəhs etmədən milli ideologiya haqqında mühakimələr yürütmək doğru olmazdı. Başqa sözlə, “sovet beynəlmiləlçiliyi” təfəkküründən milli təfəkkürə keçib milli şüur formalaşdırmaqla milli ideologiya məsələsində nə isə əldə etmək olar.
- Kitabınızda türkçülük ideologiyasına xüsusi yer veririsniz. 21-ci əsrdə türkçülük məfkurəsinə yenidən müraciət nə dərəcə də aktualdır?
- Milli fəlsəfi fikir tariximizdə milli ideyalardan biri və birincisi turkçülükdür. Türkçülük Azərbaycan xalqı üçün milli kimlik, milli özünüdərk və milli özünütəyindir. Biz də hesab edirik ki, ötən əsrdə mövcud olan ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi uyğulamaq lazım deyildir. Ancaq bu o da demək deyil ki, biz Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan milli ideyaları, o cümlədədn türkçülüyü bu gün yalnız tarixin, ya da milli identikliyin hissələri kimi görməliyik.
Əgər yeni dövrdə, doğrudan da, həmin ideyaları reallaşdırmaq mümkün deyilsə, ancaq onların əvəzinə irəli sürülən ideya və ya ideologiyada bu və ya digər formada varisliyi qorumaq da mütləqdir. Əks təqdirdə, bizim Cümhuriyyətin nəinki mənəvi-ruhi, hətta siyasi-hüquqi baxımdan davamçısı olmağımızın da heç bir mənası olmaz. Ən azı ona görə ki, 20-ci əsrin əvvəllərində Azərbaycan milli ideyasının təcəssümü olan üçrəngli-üçmənalı (türkləşmək, müasirləşmək və islamlaşmaq), eyni zamanda vahidliyi və bütövlüyü (milli ruhlu azərbaycançılığı) ifadə edən bayrağı ucaldan Azərbaycan Cümhuriyyəti olmuşdursa da, onu həmin əsrin sonlarında yenidən dövlət bayrağı kimi qəbul edən də biz azərbaycanlılarıq. Hər halda, bugünkü Azərbaycanın dövlət bayrağı ötən əsrin əvvəllərində təməli qoyulmuş Azərbaycan milli ideyasının - azərbaycançılığın bariz təcəssümüdür.
Bu baxımdan, türkçülüyü və onun bariz təcəssümü olan Azərbaycan milli ideyasını (“üçlük”+azərbaycançılığı) yalnız tarixin, ya da identikliyin hissələri kimi qəbul etmək doğru deyildir. Yəni burada əsas məsələ Azərbaycan xalqının (yurdaşlıq və dövlətçilik anlamında) özünəməxsus inkişaf yolunun əngəllənməsi deyil, bəlkə də əksinə, azərbaycançılığı “üçlük”, o cümlədən türkçülük əsasında daha inandırcı və etibarlı etməkdir. O ki qaldı milli ideologiyanın tərikib hisəssi olan hər hansı bir ideyaya (türkçülük, azərbaycançılıq, modernləşmə və s.) münasibətdə bəzi kənara çıxmalara, ifrata varmalara - bu həmişə olmuşdur, indi də var və gələcəkdə də olacaqdır.
- Bu gün qloballaşan dünyada türk milliyyətçiliyinin yeri hardadır? Qloballaşma prosesi türk millətinə qarşı təhlükə yaradırmı? Yaradırsa, bu təhlükələrdən necə xilas olmalıyıq?
- Bir çoxları hesab edirlər ki, qloballaşmanın əsas ideyaları modernləşmə, postmodernləşmə, demokratiya, liberalizm və vətəndaş cəmiyyətidir. Fikrimizcə, bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdara bilər.
Çünki bu ideyaların tətbiqi zamanı irqindən, dinindən asılı olmayaraq bütün insanların hüquq və azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti, tolerantlıq və s. anlayışların qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Bizə elə gəlir ki, qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən ideyaların içində şüurlarımıza yeridilən, ancaq milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, türk dünyasında, o cümlədən Azərbaycanda qloballaşmanın geniş yayıldığı, vətəndaş cəmiyyətinin qurulmasına çağrışlar edildiyi bir dövrdə islamçılıq və türkçülüyün nə qədər vacibliyi məsələsinin xüsusi maraq doğurması təbiidir. Ümumiyyətlə, qloballaşma prosesində “üçlüyə” (türkləşmək, islamlaşmaq və müasirləşmək) münasibətdə iki əsas baxış var: 1) vətəndaş cəmiyyəti daha vacibdir, nəinki “üçlük”; 2) vətəndaş cəmiyyəti quruculuğu nə qədər zəruri olursa-olsun “üçlük” onun kölgəsində qalmamalıdır.
Deməli, bu gün də milli şüurun formalaşmasında ən azı iki tərəfli mübarizə gedir. Bu mübarizədən hansının qalib çıxması ilə milli şüurun formalaşması prosesi yeni bir çalar daşıya bilər. Daha doğrusu, əgər vətəndaş cəmiyyətinin “üçlük”dən daha vacib olması qənaətinə gəlinərsə, yaxud da gəlinirsə bu zaman milli şüurun öz mahiyyətindən xeyli dərəcədə kənara çıxması baş verə bilər. Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur daha çox beynəlmiləl, müəyyən mənada kosmopolit şüurdur.
Digər tərəfdən, vətəndaş cəmiyyətinin özünə olan münasibət və onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi mənasındakı vətəndaş cəmiyyəti modeli uyğulanarsa müəyyən mənada o, milli şüurula uzlaşdırıla bilər. Ancaq bu formal şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar.