|
“Ən durğun cəmiyyətlərdə belə qəflətən hadisələr baş verir. Ərəb ölkələri inqilab baş verənə qədər ən durğun ölkələr hesab edilirdilər. Belə ki, Ərəb baharı yaşayan dövlətlərdə əvvəlcə hər hansı bir aktivlik yox idi. Azərbaycanın hazırkı durumu inqilab baş verən ərəb dövlətlərinin inqilabdan öncəki dövrünü xatırladır.”
Bu sözləri Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq İlham İsmayıl Azərbaycanda seçki öncəsi cəmiyyətin passiv mövqe sərgiləməsi ilə bağlı açıqlama verərkən qeyd edib. Haqsızlıq və ədalətsizliyinin olduğu yerlərdə etirazların və inqilabların qəflətən baş verdiyini bildirən İlham bəy, “demirəm ki, Azərbaycanda hər hansı inqilab və ya çevriliş bu il baş verəcək. Mümkündür ki, bu hal 10 ildən sonra baş versin. Lakin aktiv situasiyanın yaranması hazırda görsənməsə də hər an və hər zaman yaşana bilər”, - deyə bildirdi: “İndiki vəziyyəti nəzərə alanda 2013-cü il prezident seçkilərinin hakimiyyətin xeyrinə nəticələnəcəyi açıq görsənir. Amma hadisələrin indidən sonra necə inkişaf etməsi çox şeyi dəyişə bilər. Belə ki, Tunisdə bir nəfər göyərti satanın özünü yandırması ölkədə inqilabların baş verməsinə gətirib çıxartdı. Ona görə də sabah bilmək olmaz ki, Azərbaycanda nə baş verəcək. Seçki gününə qədər nəyinsə baş verəcəyini indidən proqnozlaşdırmaq çətindir.”
|