
“Vladimir Putinin region dövlətləri olan Azərbaycan və İrana səfərlərinin arxasında ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi dayanır”. Bunu Modern.az saytına açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərinin perspektivini şərh edərkən deyib. O bildirib ki, ABŞ Putindən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni geri qaytarmağı kəsinliklə tələb etdiyindən əlaqələrdə ciddi uçurum yaranıb. Politoloqun sözlərinə ABŞ eyni zamanda Rusiyaya müxtəlif üsullarla təzyiqləri artırır.
“Maqnitski siyahısını genişləndirir, rus məmurlarının çoxusunu bu siyahıya daxil edir”-deyən siyasi ekspert hesab edir ki, Rusiya da öz növbəsində ABŞ-a təzyiq etmək niyyətindədir.
“Ona görə də Putin elan edib ki, İrana və Azərbaycana səfər edəcək. Putinin əslində bu siyasəti ABŞ-Rusiya müstəvisindədir”.
Analitikin fikrincə, Putinin Azərbaycana səfəri yaxşı heç nə vəd etmir. “ABŞ Rusiyaya geniş iqtisadi-ticari, maliyyə sanksiyaları tətbiq etməyi planlaşdırır. Əgər Azərbaycan da Putinlə bu oyuna girişsə böyük bir zərbənin altına düşəcək. Bu tamamilə açıq və aydındır”-deyərək V.Quluzadə vurğulayıb ki, Putinin səfəri Azərbaycana yalnız zərər gətirəcək.
“Bu səfər Rusiya-Azərbaycan əlaqələri müstəvisində olsa idi, bunu müsbət dəyərləndirmək olardı. Amma burda Putinin əsas məqsədi ABŞ-la çəkişmədə Azərbaycanı faktor kimi istifadə etməkdir”.
ABŞ-ın Qafqazdakı maraqlarından geri çəkilmək barədə suallarımıza isə siyasi şərhçi belə aydınlıq gətirib:
“ABŞ dünyanın ən güclü dövlətidir. Rusiya isə çökür. Ona görə də çökən avtoritarizmin ətəyindən yapışmaq heç bir yaxşı nəticə verməyəcək”-deyə mesaj verib.
Sonda isə politoloq bildirib ki, Putinin nə İrana nə də Azərbaycana səfərinə ehtiyac yoxdur. “Ona görə ki, bu səfərlər əvvəldən planlaşdırılmayıb. Bu yalnız ABŞ-a dirsək göstərmək kimi bir şeydir. İran onsuz da sanksiyalardan qorxmur. Amma Azərbaycana da sanksiyalar tətbiq oluna bilər”.