
“Bir ölkəyə, xalqa edilə biləcək ən böyük təhqir onu soyqırımı etməkdə ittiham etməkdir. Bu münasibətlərdə ciddi yaralar açır".
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib. TBMM sədri erməni məsələsinə ABŞ-ın Türkiyədəki səfiri Fransis Rikkardone ilə görüşündə toxunub.
Vida görüşü keçirən səfir Türkiyəli rəsmidən iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan Sürix protokulunun parlamentə nə üçün çıxarılmadığını soruşub.
C.Çiçək baş nazir Rəcəb Tayyib Ərdoğanın qondarma soyqırımı ərəfəsində verdiyi başsağlığı mesajını yaxşı dəyərləndirmək lazım olduğunu deyib.
"Təssüf ki, ABŞ bununla bağlı dəyərləndirmə etmədi. Türkiyə problemin həlli üçün 3 addım atıb. Prezident və xarici işlər naziri Ermənistana səfər edib. Qarşı tərəf isə bir addım atmadı. Qafqazda sülh üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması lazımdır. Amma diaspor Ermənistanı ipotekaya alıb. ABŞ-ın daha ədalətli və problemin həllinə tövhə verəcək bir mövqeyi olması lazımdır"./