Qənirə Paşayeva AŞPA-nı İraq türkmanlarına dəstək göstərməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən öz işinə başlayan növbəti yay sessiyasında çıxışı zamanı sözügedən qurumu İraqda Türkiyə diplomat və mülkü vətəndaşlarının İŞİD tərəfindən girov götürülməsi və qanunsuz saxlanılmasına qarşı sərt addımlar atmağa çağırıb.

Q.Paşayeva həmçinin, AŞPA-nı İraq türkmanlarına dəstək göstərməyə səsləyib.

 
“Türkiyə bizim Assambleyamızın üzvüdür və təşkilatımız Türkiyənin 49 diplomatının və 20-dan çox mülkü vətəndaşının İraqda İŞİD tərəfindən girov götürülməsini qətiyyətlə pisləyən və onların təcili azad edilməsini tələb edən bəyanatla çıxış etməklə bərabər, beynəlxalq səviyyədə bu məsələdə öz kömək və dəstəyini daha da gücləndirməlidir, artırmalıdır” - deyən Q.Paşayevanın sözlərinə görə doğrudur, İraq Avropa Şurasının üzvü deyil, amma orada baş verənlər hamımızı ciddi narahat etməlidir.

“İraqda yaşayan 3 milyon türkmanların təmsilçilərinin sizə olan çağırışlarını çatdırmaq istəyirəm. Son günlər İraqda mülkü türkmanlar qətlə yetirilir, minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Həyatları ciddi təhlükə altında olan İraq türkmanları Avropa Şurasını, Parlament Assambleyasını onların həyatlarına duyarsız qalmamağa və yaranmış dəhşətli vəziyyətin düzəlməsi istiqamətində səylərini artırmağa çağırırlar.

Hesab edirəm ki, İraqda baş verənlərin, oradakı vəziyyətin Assambleyamızda ayrıca müzakirə olunmasına və addımlar atılmasına çox ciddi ehtiyac var” - deyə, Q.Paşayeva daha sonra bildirib.

əsas linklər